Sosial şəbəkələrdə yayılan gəlin xonçası izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, videonu təqdim edən şəxs gəlin üçün hədiyyə olunan xonçada bahalı PlayStation, maus və klaviaturanı göstərərək istehza ilə deyir: “Bəs sizə nə gəlib xonçada meyvə qurusu?”
Bu video həm gülməli, həm də utanvericidir. Gülməliliyi ondan ibarətdir ki, gənclər milli mənəvi dəyərləri, loru dildə desək, “saqqal daraqlarına” qurban verirlər. Utanverici hal isə ondan ibarətdir ki, milli dəyərləri qorumaq və adət-ənənələri yaşatmaq əvəzinə süni və qeyri-milli bəzəklərə üstünlük verirlər.
Bu hallar göstərir ki, milli ənənələrimizi qorumaq və gələcək nəsilə ötürmək məsələsinə daha ciddi yanaşmaq lazımdır.
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu yenifikir.media-ya fikrini bu cür izah edib. O bildirib ki, görüntüləri izlədikdə təəssüf hissi keçirirəm ki, keçmişdəki, öz xalqımıza məxsus layiqli ailə və milli mənəvi dəyərlərimiz, adət-ənənələrimiz get-gedə sıradan çıxır və yerini bayağı adətlər alır. Vətəndaşlarımız xaricdə gördükləri adətləri mənimsəməyə çalışırlar, amma öz milli dəyərlərini unudan xalq heç vaxt inkişaf etməz; əksinə, geriyə doğru gedir. Yaxşı olar ki, gözəl toy adət-ənənələrimiz qorunub gələcək nəsilə çatdırılsın.
Bəziləri gündəmə gəlmək üçün toylarda mənasız və məntiqsiz hərəkətlər edirlər. Lakin bu hallar cəmiyyət üçün örnək olmur, əksinə, mənfi qarşılanır. Bizim çox gözəl toy və nişan adət-ənənələrimiz var; xonçanın bəzənməsi və toy mərasimləri kimi mərasimləri keçmişdə olduğu kimi qoruyub gələcək nəsilə çatdırmalıyıq.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin