8 noyabr 2025-ci il… O gün biz meydanlarda qürurla addımlayırdıq. Bayraqlar dalğalanırdı, havada sevinc, qələbə ruhu vardı. Bir də bizimlə bərabər o meydanda gülərüz dayanan türkiyəli qardaşlarımız… Onlar Azərbaycana qələbə sevincini paylaşmaq üçün gəlmişdilər. Bizi qucaqladılar, yanımızda durdular, “biz bir millətik” ifadəsini hər addımları ilə göstərdilər.

Heç kimin ağlına gəlməzdi ki, onların o gülüşü, o baxışı, o salamı – bizim gördüyümüz son kadr olacaq…

11 noyabr 2025-ci ildə xəbərin qara qanadı üzərimizə düşdü. Türkiyəyə qayıdan hərbçiləri daşıyan C-130 təyyarəsi havada parçalandı. 20 türk zabiti… Bizim 20 qardaşımız… Bizim sevincimizi bölüşən 20 can… Bir anda göydən yerə deyil, elə qəlbimizin üstünə çökdü.
Bu xəbər gələndə hər birimizin içində nəsə qopdu. Dilimiz tutuldu, ürəyimizdə bir ağrı ilişib qaldı. Sanki dünya bir anlıq sükuta qərq oldu. Axı biz qonağı belə yola salan millət deyilik. Axı bizə gələn qardaş bizim evimizin işığıdır. Biz onları necə belə yola sala bildik? Bu necə yazıldı taleyə? Bu necə oldu, necə baş verdi? Bu suallar içimizi yandırır, cavabdan çox acının özünü dərinləşdirir.

Onlar bizim sevincimizə şərik olmağa gəlmişdilər. Biz onları gülə-gülə qarşıladıq… Amma geri dönəndə tabutlara bükülmüş şəkildə yola salmalı olduq. Bu, bir millətin yaşaya biləcəyi ən ağır hissdir. Sanki sevinci qucaqladığımız an, kədər arxadan çiynimizə çökdü.

Təyyarənin düşməsi təkcə o 20 canı aparmadı… Bizdən də çox şey apardı. Ümid apardı. Sevinc apardı. Qürurdan axan göz yaşlarımız gözümüzdə qaldı. Hər birimizin sinəsində gizli bir ağrı baş qaldırdı.
Analar oğulsuz qaldılar. Uşaqlar atasız qaldılar. Qardaşlar qardaşsız qaldılar… Və biz bir millət olaraq qardaşsız qaldıq.
Qəzanın səbəbi sonra bilinəcək. Günahkar varsa, cavabını alacaq. Yoxdursa, demək qismət belə imiş. Amma nə fərqi var axı? Hansı izah 20 evin işığını söndürən bu qaranlığı yüngülləşdirə bilər? Hansı söz o anaların göz yaşını silə bilər? Hansı təsəlli bizim çəkdiyimiz bu qardaş acısını azalda bilər?

Onlar buraya qürurumuzu paylaşmağa gəlmişdilər. Bizimlə gülən insanlar idilər… İndi isə biz onların yoxluğuna ağlayırıq. Bu qardaşlıq belə bir gündə daha da möhkəmlənir, çünki biz bir xalq kimi eyni anda sarsıldıq.
Allah şəhidlərimizə rəhmət etsin. Ailələrinə səbir versin. Bizim qəlbimiz bu gün Türkiyə ilə birlikdə ağrı ilə döyünür.

Qardaş dediyimiz insanlar bu torpağa sevinc
gətirib, kədər qoyub getdilər. Bu kədər bizim ürəyimizə yazıldı – silinməyən, sağalmayan, hər dəfə xatırladıqca insanı içindən parçalayan bir iz kimi.

Onlar bizimlə idilər… Və onların xatirəsi ömür boyu bizimlə qalacaq.

Tural Qoca

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir