Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndələri iştirak ediblər.
Rəsmi mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıblar. Qeyd olunub ki, bu əlamətdar gün dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin möhkəmlənməsinə, Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə mühüm töhfə verib.
Natiqlər Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib, bunun nəticəsində Azərbaycanın güclü və nüfuzlu dövlətə çevrildiyini qeyd ediblər. Eyni zamanda, torpaqlarımızın işğaldan azad olunmasının tarixi əhəmiyyətindən bəhs edilib.
Tədbirdə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunmasının hüquqi dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından xüsusi önəm daşıdığı diqqətə çatdırılıb.
Bayram tədbiri bədii hissədə təqdim olunan konsert proqramı ilə yekunlaşıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

