Dabaq xəstəliyi yayılıb deyə qəssabxanalarda reydlər keçirilir, xeyli sayda pozuntular aşkarlanır. Demək dabaq xəstəliyi yayılmasaydı yoxlama aparılmayacaqdı. Bütün sahələr belədir. Gərək ölüm – itim, xəstəlik, fəlakət olsun ki, o tərəfə baxan olsun.

Məsələn, ölkəni dəhşətə gətirən küçə itləri problemi həll olunmur. Keçmiş Qarabağ problemindən daha ağır problemə çevrilib. Uşağı, böyüyü, qocanı, cavanı, qızı, gəlini dişləyir, qorxudur, xəstəlik yayır. On minlərlə şikayət var, demək olar ki, ölkənin bütün televiziyaları bu mövzuda süjet verib, çağırış edib, xeyri yoxdur. Görünür, gözləyirlər ki, daha böyük fəlakət olsun. Məsələn, bir gündə 40-50 adam quduza yoluxsun, yaxud imkanlı vəzifəli birinin uşağını parçalasın ki, bəlkə bu qlobal problemə humanist yanaşılsın.

Dəhşətdir. Bu cür biganəlik, səhlənkarlıq, anti – insani davranışla hansı dövrə qayıdırıq? Daş dövrünə? Bu məmurlar Azərbaycana haçan Vətən kimi yanaşacaq? Hələ ki, icarə obyekt kimi yanaşırlar. Kirayədə qalan adam sındırdığı qapını ev sahibi görüb irad bildirməsə düzəltmir. Bax bu ölkəyə də harınlar kirayə kimi baxır. Vətən kimi yox…

Bir də görürsən böyük bir ağacın qurumuş budağı külək əsəndə tərpənir. Yüz dəfə müraciət edirsən, baxan olmur. Elə ki, tufan qalxıb ağacı 3-4 maşının üstünə salır, bir neçə nəfər də bədbəxt olur, dərhal 10-15 idarədən qalstuklu, şişqarın adamlar tökülüb gəlir məsələni “həll” etməyə…

İmam Əli demişkən, olmazmı başınıza gəlməmiş başa düşəsiniz? Dövlət başçısı tərəfindən dəfələrıə deyilir ki, rüşvət almayın, xalqa xəyanət etməyin. Yox, gərək Ramizin gününə düşəsiniz, sonra anlayasınız? Vəzifə daşıyıb dövlət başçısına, xalqa, dövlətə xəyanət edənin sonu budur. Bütün hadisələrdə əslində ibrət var. Amma gəlin görək ibrət alan varmı?

Tural İrfan
Dinşünas – yazar

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir