Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə Prezident Ərdoğan ortaq türk dili və ortaq əlifba ilə bağlı mühüm fikirlər səsləndirib. O bildirib ki, Türkiyə ortaq türk əlifbasının tətbiqi istiqamətində ilk addımı atır: Çingiz Aytmatovun əsəri və Oğuznamələr ortaq əlifba ilə nəşr olunacaq və bu gün liderlərə təqdim ediləcək. Mövzu ilə bağlı tanınmış siyasi şərhçi Azər Həsrət yenifikir.media-ya açıqlama verib.
Azər Həsrət bildirib ki, ortaq dil və ortaq əlifba məsələsi təəssüf ki, on illərdir müzakirə olunur, amma hələ də nəticə əldə edilməyib. Son bir il ərzində ortaq əlifba ilə bağlı razılıq əldə olunub, lakin tətbiq üçün ortaq addımlar hələ atılmayıb. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirlər diqqətçəkəndir və insanlar ortaq əlifbada dərc olunmuş əsərləri maraqla gözləyir.
Ekspert qeyd edib ki, bu proses çox yavaş gedir və on illərdir müzakirə edilən əlifba məsələsi hələ həllini tapmayıb. O, 2010-cu illərdə türk dünyasında ortaq əlifba ilə qəzet buraxdığını, həmçinin veb sayt açdığını və bu layihənin hazırda işləmədiyini bildirib. Altı nömrəsini isə pulsuz olaraq ortaq əlifbada yayımladığını, yazıların müxtəlif türk dillərində olduğunu və proqram vasitəsilə ortaq əlifbaya çevrildiyini deyib. Həsrət vurğulayıb ki, texniki və texnoloji problem yoxdur, sadəcə proses həddindən artıq yavaş gedir.
Dil məsələsinə toxunan Həsrət qeyd edib ki, türk dövlətləri Türkiyənin dövlət dili olan türkcəni ortaq dil kimi qəbul etməlidirlər. Bunun əsasları mövcuddur, çünki dünya türklərinin yarıdan çoxu bu dildə danışır. O, Türkiyə, İraq və Suriya türkmənləri, Azərbaycan və Balkanlardakı türk əhalisini misal gətirib.
Azər Həsrət bildirib ki, ortaq dilin İngilis dili olması düzgün deyil, çünki türk xalqları arasında bu dilin bilənləri azdır. Qardaş Türkiyənin türkcəsi isə hamı üçün anlaşılandır. Orta Asiyada bəzi çətinliklər olsa da, artıq həll olunmaq üzrədir, çünki çox sayda türk məktəbləri və Türkiyədə təhsil almış türk soydaşlarımız mövcuddur.
Siyasi şərhçi əlavə edib ki, bu kitablar ilk addımdır, amma arzu edilən sürətlə geniş tətbiq olunmalıdır. Bütün türk dövlətləri vahid əlifbadan istifadə etməlidir. Türkiyə türkcəsində 29 hərf var, Azərbaycan dilində isə 32 hərf mövcuddur. Digər türk ölkələrində də əlifba fərqlilikləri var, lakin əksər ölkələr artıq keçid mərhələsindədir. Qırğızıstan isə hələ bu prosesi başlamayıb. Həsrət vurğulayıb ki, gec olsa da, ortaq türk əlifbasının qəbul edilməsi məsələsi həll olunmalıdır.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin