Təhsil almaq və elmlə məşğul olmaq cəhalət və savadsızlıqla edilən ibadətdən üstündür. Çünki elm hər şeydən üstündür. Dünyada bu günki sivilizasiya və tərəqqi elmin sayəsindədir. Peyğəmbər də təkidlə elmə çağırmışdır. Hətta, elm Çində də olsa gedin,deməklə bu işin nə qədər ciddi olmasını vurğulamışdır.
Peyğəmbər özü də elmli olmuşdur, əshabını da dil öyrənməyə, savad almağa təşfiq etmişdir.
Abdullah bin Məsudu qəbilələrə müəllim kimi təyin etmiş, Zeyd bin Sabitə İbrani və Həbəş dillərini öyrənməyi tapşırmışdır.
Abdullah bin Məsudu qəbilələrə müəllim kimi təyin etmiş, Zeyd bin Sabitə İbrani və Həbəş dillərini öyarənməyi tapşırmışdır.
Əli bin Əbu Talibin isə elmi daha çox olduğundan onun katibliyindən istifadə etmiş, Salman Farsidən məsləhətlər almışdır.
Peyğəmbər hər zaman savadlı insanlara ehtiram etmişdir.
Alimlər haqda ən yüksək sözlər demişdir.
İslam dininin mahiyyəti elm və imandan bəhrələnməkdir. Cahil insanın şübhəsiz ki, ibadəti də cahilanə olacaqdır. Ona görə də insan Quranı oxumalı və oradakı ibrətli kəlamları, hekayətləri qavramalı, ibrət almalıdır.
Quran oxunmaq üçün nazil olunubdur. Əməl edilmək üçündür. Bir çox alimlər öz kəşflərini Qurandan ruhlanaraq və Quranın izi ilə gedərək ortaya qoymuşlar.
Çünki Quran insanlığı oxumağa, elmə, mənəviyyata, tərəqqiyə, sağlamlığa, sülhə səsləyir.
Peyğəmbər hər zaman cəhalətin əleyhinə olmuş, Quranda cahil ərəblər tənqid edilmişdir. Bəzilərinin kompüterin qarşısında əyləşib onu kəşf edən xristian dünyasını lənətləməsi, Yaponun kəşf etdiyi avtomobildə əyləşib özünü alim sayması, Çinin mobil telefonu qulağında xurafat motivli rəvayətlərə inanması, Qərbin kəşfi sayılan Feysbukdan “möcüzələr” paylaşmasına anlasa heyvanlar da gülər…
Ən bədbəxt insan isə savadsız olduğu halda öyrənmək də istəməyənlərdir. Quranda belələri kitab yüklənmiş eşşəklər adlanıblar. bilməmək eyib deyildir. Ancaq insan ən azı bilməyə can atmalıdır.
Bu gün müsəlmanların inkişaf və tərəqqi cəhətdən digər dinlərin mənsublarından geri qalmalarına səbəb elmdən kənar qalıb cəhalət və mövhumata meyllənmələridir.
Qadağaları çoxaldaraq hər şeyə haram deyərək dünyadan nakam getmələridir. Haram haramdır. Ancaq o şey ki, elm üçündür, inkişaf üçündür, insanlığın rifahına, mənəvi zənginliyinə xidmət edir, onu haram etməyin mənası nədir?
Can verən bir qadın xəstəyə naməhrəmlik səbəbi ilə tibbi yardım göstərməyən həkim cəhalət girdabındadır.
İslamda doqmatik qanunlar yoxdur. Məcburiyyət qarşısında bir çox haramlar mübah olur. Əgər xəstənin şifası yalnız haram sayılan şeylə mümkündürsə Quran buna izn verir. Haramları təqdim edən kitabda Allah özü buyurur ki, ölməmək üçün bu ətlərdən istifadə edə bilərsiniz. Bu dəlil faktiki olaraq sübut edir ki, islam doqma deyil.
İnsanlar əsasən əməllərindəki günahları doqmalaşdırmalıdırlar əgər ehkamçılıqdan qurtula bilmirlərsə. Haram əməllərdən, əyri yollardan, cəhalətdən, radikalizmdən, fanatizmdən, qaragüruhçuluqdan, xurafatçılıqdan, mövhumatdan, ifratdan, oğurluqdan, şər böhtandan, zinadan, qeybətdən çəkinməlidirlər.
İbadət etməklə yanaşı elmlə məşğul olmalıdırlar. elm dedikdə də ancaq dini elmlər deyil, dünyəvi sayılan elmlərə də yiyələnməlidirlər. İqtisadiyyat, həndəsə, fizika, kimya, astronomiya, tibb kimi sahələrlə də məşğul olunmalıdır.
Elm ancaq hədis kitablarını və ya din alimlərinin kitablarını əzbərləmək deyil. Elm ümumi insanlıq üçün, bəşərin xeyrinə nəticələnəcək hər bir bilgiyə sahib olmaqdır.
Dini zay edən xurafatlardır, uydurma əlavələrdir. Hər kəs də öz düşüncə, təfəkkür durumuna görə dini qavrayır. Alim, ziyalı təbii ki, Quranı oxuyacaq, hədisləri, filosofların, üləmanın fikirlərini oxuyacaq obyektiv dərk edəcək və əməlini də o istiqamətdə quracaq. Cahil isə, Qurandan, elmdən xəbərsiz eşitdiyinə və gördüyünə sarılacaq, özünə asan olanı götürəcək və uydurmaları din sanacaq. Bunun nəticəsində də xurafat yaranır. Savadsız, cahil, təəssübkeş,fanat, radikal “dindar”dansa, savadlı, əxlaqlı, vicdanlı ateist olmaq yaxşıdır. Çünki savadlı adamın elmi haçansa onu Allaha inama aparıb çıxaracaqdır. Cahilin cəhaləti onu daha da Allahdan uzaqlaşıdırıb ateist edəcəkdir.
Peyğəmbərimiz elmə, savada üstünlük verdiyi kimi əxlaqa və təmizliyə üstünlük vermişdir. Elm Çində də olsu, gedin, deməklə, Beşikdən qəbrədək elm öyrənin deməklə dinin əsl istiqamətini açıqca göstərmişdir. Ona görə də xüsusən dinə meylli gəncləri xurafata yox, elmə, təhsilə yönəltmək lazımdır. İmam Əli buyurub ki, mənə bir hərf öyrədənə qırx il qul olaram. Bununla elmin dəyərini göstərib böyük şəxsiyyət, dahi filosof.
Elm dedikdə isə təkcə dini elmlər nəzərdə tutulmur. İnsanı Yaradıcıdan uzaqlaşdırmaycaq bütün elmlər nəzərdə tutulur. Çünki həqiqi elm nəticəsində insan təbiəti, fizikanı, astronomiyanı, anatomiyanı, kimyanı, biologiyanı öyrəndikcə, onda mütləq yaradıcının labüdlüyünə inam daha da artır və nəticədə o öz Rəbbini daha real dərk edir. Hətta bir çox dinsiz alimlər elmi tədqiqatlar sayəsində dinə-İslama üz tutublar. Ona görə də qavranılan hər nə varsa elmə dayanmalıdır ki, faydalı olsun. Cəhalət, xurafat, mövhumat, fanatizm heç zaman insanı nicata aparmaz.
Tural İrfan
Dinşünas – alim
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

