2025-ci ilin dekabr ayının 1-nə olan məlumata əsasən, Azərbaycanda vergi ödəyicilərinin sayı qeydiyyat üzrə 1 milyon 667 min 152 nəfərə çatıb. Onların böyük hissəsini – 86,8 faizini fiziki şəxslər, 13,2 faizini isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edir.Statistik göstəricilər ötən ilin analoji dövrü ilə müqayisədə vergi ödəyicilərinin sayında davamlı artımın qeydə alındığını göstərir. Belə ki, ümumi vergi ödəyicilərinin sayı 4,8 faiz yüksəlib. Bu artım fiziki şəxslər üzrə 4,5 faiz, hüquqi şəxslər üzrə isə 6,9 faiz təşkil edib.
Eyni zamanda kommersiya qurumlarının qeydiyyatında da müsbət dinamika müşahidə olunur. Dekabrın 1-nə respublika üzrə qeydiyyatda olan kommersiya təşkilatlarının sayı 203 min 1 vahidə çataraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz artıb.
2025-ci ilin yanvar–noyabr ayları ərzində 12 min 957 kommersiya qurumu dövlət qeydiyyatına alınıb. Onların əksəriyyəti – 88,8 faizi yerli investisiyalı, 11,2 faizi isə xarici investisiyalı müəssisələrdir. Yeni yaradılan kommersiya subyektlərinin 85,1 faizi elektron qeydiyyat sistemi vasitəsilə rəsmiləşdirilib. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlər arasında elektron qeydiyyatın payı isə 96,4 faizə çatıb.
Qeydiyyatda olan kommersiya hüquqi şəxslərin hüquqi formalarına nəzər saldıqda, onların 92 faizinin məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizinin səhmdar cəmiyyəti, 1,1 faizinin kooperativ, qalan hissəsinin isə digər təşkilati-hüquqi formalarda fəaliyyət göstərdiyi məlum olur.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

