Xalq yazıçısı, görkəmli ədib və ictimai xadim Elçin Əfəndiyev dünən, 82 yaşında vəfat edib. Filologiya üzrə fəlsəfə doktoru, şair, AYB-nin üzvü Adilə Nəzər Yenifikir.media-ya fikirlərini bölüşüb.

 

Elçin Əfəndiyev 25 ilə yaxın Azərbaycanın Baş Naziri müavini vəzifəsində işləyib, mədəniyyət və humanitar sahələr üzrə böyük layihələrə rəhbərlik edib, buna baxmayaraq, onun siyasi kimliyi yaradıcı kimliyini kölgədə qoymayıb, əksinə, yazıçılıq və ssenaristlik fəaliyyəti onu xalqın ruhuna daha yaxın edib. 

Elçin Əfəndiyevin əsərlərinin həm Azərbaycan dilində, həm də çoxsaylı dünya dillərinə tərcümələrdə milyonlarla oxucusu olub, teatrlar, filmlər üçün ekranlaşdırılan əsərlərinin tamaşaçıları oxucularının sayından heç də az olmayıb. Roman və hekayələri çağdaş Azərbaycan dramaturgiyası və publisistikanın inkişafında mühüm rol oynayıb. Əsərləri bu gün də tədris edilir, səhnələşdirilir, ekranlara köçürülür. O, bir ssenarist kimi ekranın dilini yaxşı duyurdu, bu səbəbdən ssenariləri əsasında çəkilən tamaşa və film çəkilişlərində özü birbaşa iştirak edib. 

Keçən il Elçin Əfəndiyev yaradıcılığı haqqında “Ədəbiyyatdan kinoya” adlı məqalə yazmışdım və həmin vaxt Elçin müəllimin əsərlərini bir daha gözdən keçirdim. “Sahilsiz gecə”sində millətin keçid dövrünün ağrıları, “Mahmud və Məryəm”də xalqın tarixindən axıb gələn sevgi qisməti, alın yazısı görünür.

Simasında da sadəlik və müdriklik vardı. Bu gün onun kitablarını oxuyan, filmlərinə baxan hər kəs deyə bilər ki, o, insanları və cəmiyyətin psixologiyasını vəzifə pəncərəsindən yox, ədəbiyyat pəncərəsindən müşahidə edirdi. 

Əlbəttə ki, o, dövlət xadimi, zəngin ədəbi irs sahibi və ziyalı nəsli təmsil edən bir şəxsiyyət kimi yaşayıb. Buna baxmayaraq, əgər biz bu gün sizin “Elçin Əfəndiyev yaddaşlarda necə qaldı?” sualınıza onun əsərlərindən danışaraq cavab veririksə, demək o, yaddaşlarda daha çox yazıçı-ssenarist kimi qalıb.  

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir