Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Yaşıl marafon” layihəsi çərçivəsində regionlarda növbəti yaşıllaşdırma tədbirləri keçirilib. Kütləvi ağacəkmə aksiyaları bu dəfə Sabirabad və Cəlilabad rayonlarını əhatə edib.Sabirabad rayonunun Məmişlər kəndi ərazisində təşkil olunan aksiya zamanı ətraf mühitin bərpası və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə ümumilikdə 1250 ədəd sərv, Şərq çinarı və meliya tingi torpağa köçürülüb. Paralel olaraq, Cəlilabad rayonunun Kazımabad kəndində keçirilən tədbirdə isə 600-dən artıq sərv ağacı əkilib.
IDEA İctimai Birliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı əsasında həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu” ölkə üzrə ekoloji tarazlığın möhkəmləndirilməsinə yönəlib. Layihə yaşıllıq sahələrinin artırılması ilə yanaşı, ağacəkmə mədəniyyətinin təşviqi, ətraf mühitin qorunması və Azərbaycanın flora biomüxtəlifliyinin zənginləşdirilməsi məqsədi daşıyır.
Qeyd edək ki, “Yaşıl marafon” proqramı çərçivəsində 2025-ci ilin payızından 2026-cı ilin yaz əkin mövsümünün sonunadək respublika üzrə 2 milyona yaxın ağacın əkilməsi planlaşdırılır.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

