Bu yazıma ilk növbədə addan başlamaq istəyirəm. O addan ki, ulu Dədə Qorqudumuz böyük önəm verib, həyatımızda hər şeyin öz adını verib, ən sonda “Gэlinə ayıran demədim, mən Dədə Qorqud, ayranı doyuran demədim , mən Dədə Qorqud” etirafı ilə müdriklik dastanına bir az da şirinlik qatıb. İgidləri öz adları ilə çağırılmasının onların gələcək taleyinə də təsir edəcəyini bilib ulu dədələrimiz.
Bu yazımda olduğu kimi Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədova həsr etdiyim “Riad” (2011) adlı poemama da bu adın Azərbaycanda da səhv etmirəmsə, ilk dəfə qoyulmasından bəhs etmişəm.

“Adını mən qoydum,
yaşını Tanrı versin.
Deyib Dədə Qorqudum-
şamanı qoca Ərzin” .

Stalinizm despotizminin yaddaşlardan, şüurlardan silinmədiyi, sələfini qılınclamaqla öz siyasi nüfuzunu qaldıracağı vədləri verən, lakin bəzi qərarları ilə kommunist rejiminə daha tünd rəng qatan Nikita Xruşovun baş katib olduğu bir zamanda mühüm vəzifə və səlahiyyət sahibi olan, ideoloji hazırlıq keçmiş Fikrət Əhmədovun 1956-cı ildə anadan olmuş oğluna daha çox bağça, güllük, oazis, həm də ağıllı, şən, ciddi, səxavətli, dost, fəal, şanslı.. mənalarını verən Riad adını seçməsi hansı məntiqdən irəli gəlirdi, bunu müəyyənləşdirmək çox çətindir. Məna çalarlarından göründüyü kimi Riad yalnız müsbət keyfiyyətləri özündə birləşdirən adlar siyahısında, bəlkə də ən uğurlusu idi ki, ata öz oğlu üçün seçim etmişdi. F.Əhmədov kimi ziyalı, vicdanlı, milli koloritli bir insanın bu seçiminə yalnız o özü cavab verə bilərdi ki, bunu da mərhum həyat yoldaşı Bahar xanımla, qızı bəstəkar Mehriban xanımla, evinin daimi əziz qonağı olmuş “Riad” poemamın redaktoru xalq şairi Fikrət Qoca ilə söhbətlərimdə aydınlıq gətirə bilməmişəm. Yalnız bir məntiqə söykənmək ehtimalı qalır ki, təpədən-dırnağacan milli olan ata oğlunu kommunizmin dəbdə olan adlarından uzaq tutaraq ərəb dilindən ən ürəyinə yatan, arzuladığı adla çağırmaq istəmişdir və dilimizə yeni, sevilən yeni bir sözlə zənginlə.dirmişdir. Bəlkə də bu adı qoymaqla Fikrət müəllim Azərbaycanın güllü-çiçəkli, cənnətməkan bir diyar arzusunu ifadə etmişdi və inanmışdı ki, bu adı daşıyan oğul Vətənə, torpağa, millətə, dövlətə və dövlətçiliyə gərəkli olacaqdır. Necə ki, oldu və bu gün Riad şərəflə, ləyaqətlə, iftixar hissi ilə daşınan adlarımızdandır.
Riad Əhmədov uşaqlıqdan elə böyümüşdü ki, elə bir ailədə tərbiyə almışdı ki, bu ocaqda namus, vicdan, ləyaqət…, bir sözlə ən insani keyfiyyətlər əsas həyat rəmzinə çevrilmişdi. Həm də heç kim inkar edə bilməz ki, bu xarakterlərdəki amillər soydan-kökdən, milli-mənəvi dəyərlərə sıxı bağlılıqdan qaynaqlanırdı.

Hələ uşaqlıqdan “babam, dayım kimi hərbçi olacam” deyən Riad orta məktəbi uğurla bitirib hüquq təhsili almaq üçün Bakı Dövlət Universitetinə daxil olur və 1979-cu ildə ali təhsilli hüquqşünas kimi respublikamızın ədliyyə orqanlarında işə düzəlir. Lakin tez bir zamanda anlayır ki, rahat kabinet onluq deyil. Daim hərəkətli, çevik, hazırcavab, bir az da yumoru, şənliyi sevən gənci başqa bir maraqlı sahə cəlb edir. 1980-ci ilin sentyabrında Dövlət Təhlükəsizlik Xidmətində (o zaman DTK) həqiqi hərbi xidmətə daxil olur. Onunla söhbət edən qocaman xüsusi xidmət orqanı əməkdaşı Bəxtiyar Süleymanov xatırlayırdı ki, Riad savadı, ilk növbədə səmimi cavabları ilə diqqətimizi cəlb elədi. Ciddiliyi ilə bərabər maraqlı təbəssümü onu daha yaraşıqlı, həmsöhbət kimi dürüstlüyünü büruzə verirdi.

Beləliklə, Riad Əhmədov əməliyyat müvəkkili kimi xidmətə başlayır. Onun bu orqanda işləməsinə müsbət rəy verən kadrların məsul əməkdaşı B.Süleymanov öz namizədi ilə əlaqələrini kəsmir, başqa mənada onu “nəzarətdə” (müsbət rəy yazdığın kadra məsuliyət hissi) saxlayır. Onların maraqlı görüşlərindən biri də o vaxt üçün SSRİ miqyasında böyük əhəmiyyətli DTK Minsk Məktəbində olur. Azərbaycanlı çekistlərin hazırlıq səviyyəsini, intizam məsələlərini öyrənmək üçün ezam olunmuş Azərbaycan DTK nümayəndələri gənclərlə görüşdən məmnun qalırlar. Mərhum Bəxtiyar müəllim Riad haqqında söhbətlərində həmişə onun mərd və çalışqan olduğunu deyirdi. Ümumiyyətlə, istər xidmət yoldaşları, istər qanlı döyüşlərdə çiyin-çiyinə düşmənə sinə gərmiş, onlara ağır zərbələr endirmiş silahdaşları Riad haqqında ən yaxşı sözləri deyirdilər. Mərhum B.Süleymanovun xatırlamalarından:
“Minskdə ezamiyyətimiz Novruz bayramına təsadüf edirdi. Orada öyrəndim ki, Riad Novruz şənliyi keçirmək üçün əvvəlcədən rəhbərliyə müraciət edib. Sözsüz ki, belə bir ciddi rejimli təhsil ocağında milli dəyərləri özündə ehtiva edən bayramın icazəli keçirilməsi mümkünsüz idi.

Anası Bahar xanımın göndərdiyi dadlı-ləzzətli sovqatın isə ağzı açılmırdı. Və məhz bayram günündə Riaddan belə bir təklif gəlir ki, məktəbin həyətində təmizlik işləri aparmaq istəyirik. Azərbaycansevər təcrübəli direktor gülümsəyərək razılıq verir, üstəlik ipucu kimi “lazımsız taxtaları da yandırın” deyir. Kabinetdən qaçaraq çıxan Riad dostlarını başına yığır, məktəbin həyətində, otaqlarda baharın gəlişi ilə bağlı təmizlik işləri aparılır və ən əsası böyük bir Novruz tonqalı yandırılır, Azərbaycandan gələn dadlı-ləzzətli sovqatlar hamıya paylanılır”.
Beləcə Riadın milli bayramımızı qeyd etmək arzusu və xüsusi xidmət orqanlarında ilk “əfsanə”si uğurla baş tutur.

Xidmət yoldaşları daşnakların torpaq iddiaları başlamazdan da əvvəl Riad Əhmədovun Azərbaycan DTK-sında işləyən və dəhlizlərdə öz dillərində qırıldaşan erməni əsilli həmkarları, azərbaycanlılara üstdən-aşağı baxan 37-nin tör-töküntüləri ilə münasibətləri barədə geniş bəhs edirdilər. Torpaqlarımıza ilk düşmən təcavüzü zamanı Riad da nazirlikdəki könüllü dəstəyə yazılır. İttifaqın tərkibindəyik, mərkəzə xoş gəlməz deyənlərə isə qaba cavab verir. Beləliklə, Riadın ilk döyüş salnaməsi başlayır.

Göstərdiyi şücaətlər dastana çevrilir. Ayaqüstə düşmənin üzərinə şığımaq, qorxmadan ən çətin mövqelərdə döyüşmək onu cəbhə yoldaşlarına sevdirir. Məlumdur ki, DTK kimi ciddi qurumda öz əməkdaşlarını tez-tez cəbhə bölgəsinə ezam etmək çətin idi. Çünki həmin illərdə paytaxt Bakıda və digər bölgələrdə terror-təxribat aktları keçirən düşmənlərin cinayətlərinə qarşı mübarzədə ixtisaslı kadrlara ehtiyac var idi. Riad isə sanki yalnız döyüş üçün yarandığını düşünürdü və Bakıda qərar tuta bilmirdi. Ezamiyyətlərdən qayıdanda da tələsik yaraqlanıb bir də ağır döyüşlərə yollanmaq istəyirdi. Təhlükəsizlik orqanında istəyinə tam nail ola bilməyən polkovnik-leytenant Riad Əhmədov 1992-ci il yanvarın 2-dən Müdafiə Nazirliyinin Kəşfiyyat bölməsinin rəis müavini vəzifəsinə təyinat alır.
Riadın son döyüşə gedişi də maraqlı epizodik haldır. Bərk soyuqladığından axşam anası Bahar xanım ona həblər verir, qızdırmasının düşməsi üçün həkim müdaxiləsi edir. Gecəni gözünə yuxu getməyən nigaran ana səhər sevimli oğlunu hərbi geyimdə şux görəndə məətəl qalır, bir az nəvaziş, bir az danlaq, bir az da narazı kimi “ay oğul, axı sən hələ tam sağalmamısan, hara belə gedirsən” deyir. Lakin Riad qərarından dönən oğul deyildi. Axşamdan yeni bir “əfsanə” düşünmüşdü, onu işə salır: “Anacan, Hacıqabulda qaçqınlara yardım aparmalıyıq, sənin oğlun necə getməyə bilər axı?”…

Tezliklə Riad Əhmədov Şuşada Daşaltı əməliyyatına hazırlaşan döyüşçülər arasında idi. Məxfi plandan xəbəri olsa da, adını döyüşə yollananların siyahısında görmədikdə ciddi etiraz edir və çox təkiddən sonra istəyinə nail olur. Bu seçmə igidlər nə biləydilər ki, satqınlar Daşaltı əməliyyatının planları haqda məlumat ötürüblər (təəssüf ki, birinci Qarabağ savaşında bu cür hallar az deyildi). Riad kimi neçə igidimiz o döyüşdən geri dönmədi. Müdafiə Nazirliyində 20 günlük xidməti onun faciəvi ölümü ilə nəticələndi. Dəstənin pusquya düşdüyünü görən Riad ağır döyüşlər getdiyini xəbər verə bilir və …

Riad öz doğma torpağına yalnız Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu ilə başlanan əks-hücumlardan, 44 günlük döyüşdə şanlı döyüşçülərimizin şücaətləri nəticəsində əldə olunan Zəfərdən sonra qayıdır, – qeyrətli silahdaşlarının çiynində İkinci Fəxri Xiyabanda dəfn olunmaq üçün! Şərəfli ömür yolu keçmiş Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Ruad Əhmədov 30 ildən çox müddətdə bir an belə unudulmadı. Dövlət Təhlükəsizlik Xidmətinin şəxsi heyəti həyatını torpaqlarımızın azadlığı, dövlətçiliyimiz uğrunda qurban vermiş hər bir əməkdaşı kimi Riad Əhmədovun xatirəsini də əziz tutub və tutacaqdır. Riad Əhmədov haqqında məqalələr, kitablar yazılıb, filmlər çəkilib, adı dillərdə əzbər olub.
Torpaqlarımız azad olunduqdan sonra Milli Qəhrəmanın nəşinin tapılmasında da Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi səylər, təşəbbüslər göstərdi. Bu haqda Riad Əhmədovun ailə üzvləri Fəxri Xiyabanda qəhrəmanın büstünün açılışı zamanı minnətdarlıq hissi ilə bildirdilər.

Quldur dəstələri tərəfindən işgəncə ilə öldürülüb basdırılmış igidlərimizin kütləvi məzarlıqları aşkar olunduqca Riad kimi oğulların nəşi tapılaraq Vətənə gətirilir, canlarını qurban verdikləri doğma torpağa tapşırılır. Gözü yaşlı ana-ataların, qardaş-bacıların, övladların təsəlli tapacaqları bir dua qalır:

“Məkanınız cənnət, ruhunuz şad olsun, igidlər!”

MÜQƏDDƏS MƏKANDIR FƏXRİ XİYABAN
Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant
Riad Əhmədova və eyni taleli şəhidlərimizə

Laylası Xəzərdi, nəğməsi Bakı,
Son döyüş mənzili Daşaltı oldu.
Vətəndi sevgisi, zehni, idrakı,
Vətəndi köksünün alovu, odu!

30 il qəlbləri dağladı nisgil,
Qovuşdu torpağa çiyinlər üstə.
Coşdu ürəklərdə Riad sevgisi,
Hopdu zər əllərdə əbədi büstə.

Canım Vətən deyib can etdi qurban
Var olsun millətim, yurd azad olsun!
Müqəddəs ocaqdır Fəxri Xiyaban
Yeri cənnətməkan, ruhu şad olsun.

Mahir Cavadlı
şair-jurnalist
Qarabağ müharibəsi veteranı, polkovnik

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir