AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının hesabat iclası keçirilib. Öncə il ərzində nəşr olunmuş kitablardan ibarət sərgi ilə tanışlıq olub.
İclasda AMEA prezidentinin humanitar sahə üzrə ekspertləri, akademik Teymur Kərimli və Sərxan Xavəri, Elmi şura üzvləri,
gündəlikdəki məsələlərə aidiyyatı olanlar iştirak ediblər. Elmi şuranı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib. Gündəlik səsə qoyularaq qəbul edilib.
Elmi şuranın iclasında institutun əməkdaşları, filologiya elmləri doktoru Rəhim Əliyev 75, filologiya elmləri doktoru, dosent Abid Tahirli və filologiya üzrə fəlsəfə doktoru Fikrət Əhmədov 70 illik yubileyləri münasibəti ilə Fəxri Fərmanla təltif ediliblər.
Akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki nitqi və Ədəbiyyat İnstitutunun vəzifələri, həmçinin “Elektron xidmətlər” şöbəsinin adının dəyişdirilərək “Rəqəmsal ədəbiyyatşünaslıq, süni intellekt və elektron xidmətlər” adlandırılması, funksiyaları haqqında fikirlərini bölüşüb. Vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev AMEA-nın 80 illik yubileyində həm iştirak, həm də çıxış etmişdir.
Prezidentin tapşırığından irəli gələn dil, tarix və digər mövzularda müzakirələr edildiyini bildirib.
Dünən akademiyanın tarixində ilk dəfə olaraq Milli Məclis və Azərbaycan Milli Elmər Akademiyası cənab Prezidentin akademiyanın yubileyindəki nitqi və qarşıda duran vəzifələr məsələsini bir yedə müzakirə etdi – deyən akademik İsa Həbibbəyli buna şərait yaradan Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü də ünvanlayıb. Əlavə edib ki, tədbirdə Emin Əmrullayev təhsil, yazıçı Anar ədəbiyyat məsələləri, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov televiziya, ekran-efir məkanı, Nadir Məmmədli Dilçilik İnstitutunun gördüyü işlər və vəzifələr, Elçin İsmayılov toponimika üzrə məruzələr ediblər.
Cənab Prezident doğru olaraq o fikirdədir ki, Azərbaycan tarixinin indiyə qədər başqa millətlər tərəfindən saxtalaşdırılmış şəkildə olan hissəsi ortadan qaldırılmalı, real, Azərbaycanın milli və dövlətçilik maraqlarına uyğun obyektiv tədqiq edilməlidir – söyləyən akademik İsa Həbibbəyli bunun vaxtı ilə ulu öndərin də tələbi olduğunu xatırladıb. Diqqətə çatdırıb ki, Qarabağ müharibəsinin və Böyük Qayıdış hərəkatının tarixinin yazılması qarşımıza qoyulan tələblərdir. Cənab Prezidentə o xəritələr maraqlıdır ki, onlar çar Rusiyası tərəfindən hazırlanıb, hazırlanmasında Azərbaycan iştirak etməyib, sovet hökümətinə qədərki həmin xəritələrdəki yer adlarının 99 faizi Azərbaycan dilindədir – fikirləri ilə gələcək işlərin istiqamətini müəyyənləşdirib. Əlavə edib ki, qarşıda ədəbi dil normalarını tənzimləyən sinonimlər lüğətinin, neologizmlər kitabının çap olunması məsələləri durur. Televiziyalarda Azərbaycan dilinə aid verilişləri aktivləşdirmək istəyini də dilə gətirib.
Cənab Prezident o fikirdədir ki, texnoloji inkişaf olmadan inkişaf mümkün deyil. Bunların içərisində süni intellekti, alternativ enerjini – yaşıl enerjini, kibercinayətkarlıqla mübarizəni, rəqəmsal inşafi ölkə başçısının xüsusi vurğuladığını nəzərə çatdırıb. Akademiyanın müxtəlif institutlarında buna müvafiq şöbələr yaradıldığını, Ədəbiyyat İnstitutunda da “Rəqəmsal ədəbiyyatşünaslıq, süni intellekt və elektron xidmətlər” şöbəsinin yaradılmasını və bu şöbənin artıq köməkçi yox, əsas şöbə kimi fəaliyyət göstərəcəyini qeyd edib.
Sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı 2025-ci il üzrə illik elmi hesabatı təqdim edib. Aygün Bağırlı Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar elmi müəssisələrə tapşırılmış işlərin yerinə yetirilməsi haqqında məlumat verib.
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamına uyğun olaraq keçirilən tədbirlər ilə əlaqədar nəşr olunmuş kitablar barəsində iştirakçıları məlumatlandırıb.
Ümumilikdə il ərzində İnstitutda 2 istiqamət, 8 problem, 19 mövzu üzrə işlənilən 151 işdən 80-i tamamlanmış, 71 iş üzrə tədqiqat davam edir. İnstitutun uğurları sırasında 16 tərtib, 5 tərcümə, 7 dərslik olmaqla 98 kitab, 66-sı xaricdə, 577-si jurnal və toplularda, 229-u qəzetdə olmaqla 872 məqalə çap olunub – deyə Aygün Bağırlı iştirakçıları bilgiləndirib.
Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli “Ədəbi proses – 2025” Yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti haqqında məlumat verib.
Yekun iclasda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutun direktoru, akademik Teymur Kərimli və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Sərxan Xavəri Ədəbiyyat İnstitutunun hesabat ilində gördüyü işləri yüksək qiymətləndiriblər.




© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

