AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, “Xalqlar dostluğu”, “Şöhrət” və “İstiqlal” ordenli akademik Bəkir Nəbiyevin 95 illiyinə həsr olunan “Bəkir Nəbiyev və ədəbiyyatşünaslığın aktual problemləri” adlı elmi sessiya keçirilib.

Tədbir əvvəlcə alimin elmi yaradıcılığını əks etdirən sərgi ilə açılıb. AMEA-nın prezidenti və Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli çıxışında XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndələrindən olan Bəkir Nəbiyevin zəngin fəaliyyətini vurğulayıb. O, alimin fundamental əsərlərinin ədəbiyyatşünaslıq elminə verdiyi töhfələri, Firudin bəy Köçərli haqqında yazdığı ilk monoqrafik əsərin əhəmiyyətini qeyd edib.

Akademik İsa Həbibbəyli həmçinin Bəkir Nəbiyevin AMEA-dakı fəaliyyətini xatırladaraq, onun Nizami adına Ədəbiyyat İnstitutunda müxtəlif vəzifələrdə çalışdığını, 1971–1987-ci illərdə Nizami adına Ədəbiyyat Muzeyinin, 1987–2001-ci illərdə isə Ədəbiyyat, Dil və İncəsənət bölməsinin akademik-katibi kimi fəaliyyət göstərdiyini bildirib. O, 2002-ci ildən ömrünün sonuna qədər isə institutun direktoru olub.

Sessiyada akademik Bəkir Nəbiyevin tənqidçi ədəbiyyatşünas kimi irsi, elmi məqalələri və monoqrafiyaları yeni nəsil tədqiqatçılar üçün qiymətli mənbə kimi təqdim olunub. Akademik həmçinin yüksək ixtisaslı kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərib, çox sayda fəlsəfə və elmlər doktorunun yetişməsinə rəhbərlik edib.

Tədbirdə çıxış edən Dünya Söz Akademiyasının İdarə Heyətinin sədri professor Hayrettin İvgin Bəkir Nəbiyevin mənəvi keyfiyyətlərindən, xeyirxah əməllərindən və vətənpərvərliyindən danışıb, alimin Azərbaycan ədəbiyyat tarixçiliyinin tədqiqi sahəsində fəaliyyətini yüksək qiymətləndirib.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, fəlsəfə doktoru Əsmər Hüseynova və digər çıxış edənlər akademik Bəkir Nəbiyevin elmi və ədəbi irsini, tənqidçi fərdiyyətini və Azərbaycan ədəbiyyatşünaslığında rolunu vurğulayıblar.

Tədbir ərzində alimin həyat və yaradıcılığına dair videoçarx nümayiş etdirilib. Sonda Bəkir Nəbiyevin oğlu, hüquqşünas və tarixçi Sadıq Nəbiyev atasının xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirib.

Sessiya AMEA-nın 80 illik yubiley tədbirləri çərçivəsində təşkil olunub və Bəkir Nəbiyevin gələcək nəsillərə örnək olacaq Azərbaycanın görkəmli alimlərindən biri olduğunu bir daha təsdiqləyib.

 

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir