Azərbaycanın yaxın siyasi tarixində ən çox müzakirə edilən məsələlərdən biri Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin fəaliyyətidir. Onun hakimiyyətdə olduğu dövrdə çox az adam cəsarət edib tənqidi fikir söyləyə bilirdi. Lakin bu azlıqdan biri olan Xeyrəddin Qoca heç vaxt susmadı və həqiqəti açıq şəkildə dilə gətirdi.

X.Qoca illər öncə R.Mehdiyevin şəxsi maraqlarını dövlət maraqlarından üstün tutduğunu açıq şəkildə bəyan etmişdi. O, yüksəkvəzifəli şəxslərin, deputatların və dövlət idarələrində çalışanların əksəriyyətinin Mehdiyevə beyət etdiyini, dövlətin deyil, onun şəxsi maraqlarını qoruduğunu vurğulayırdı.

“Baxın istər deputatların arasında, istərsə də vəzifəlilərin içində dövlətə deyil, Mehdiyevə xidmət edən nə qədər adam var? Onların hamısı rədd edilməli, cəzaları verilməlidir. Bunun başqa yolu yoxdur!” – deyə X.Qoca xəbərdarlıq etmişdi.

X.Qoca R.Mehdiyevin Elmlər Akademiyasındakı fəaliyyətini də sərt tənqid edirdi. Onun sözlərinə görə, Mehdiyev gənc alimlərin əsərlərinin çapına süni əngəllər yaratmış, özünü “dahi filosof” kimi təqdim etsə də, bir nəfər belə alim yetişdirməmişdi.

Digər ciddi məsələ isə R.Mehdiyevin Heydər Əliyev və İlham Əliyevə sadiq olan şəxsləri təqib etməsi ilə bağlı idi. X.Qoca bildirirdi ki, bu şəxslər Mehdiyevin maraqlarına xidmət etmədikdə təzyiqə məruz qalır, karyeralarında maneələrlə üzləşirdilər. Mehdiyev X.Qocanın özünü də susdurağa çalışmış, lakin buna nail ola bilməmişdi.

X.Qoca dövlət tədbirlərindəki süni ab-havanı da tənqid atəşinə tuturdu. O, yüksəkvəzifəli şəxslərin göstəriş məqsədli çıxışlarının və mənasız nitqlərinin formal alqışlarla qarşılanmasını sistemdəki qorxu mühitinin göstəricisi hesab edirdi.

Ən ağır ittihamlardan biri də R.Mehdiyevin prezidentlik ambisiyaları ilə bağlı idi. X.Qoca açıq şəkildə bildirirdi ki, Mehdiyev bu məqsədlə həm Heydər Əliyevə, həm də İlham Əliyevə xəyanət edib. O, Mehdiyevin özünü ölkənin inkişafında misilsiz xidmətləri olan şəxs kimi təqdim etməsinin saxta olduğunu vurğulayırdı.

Bu gün artıq X.Qocanın vaxtilə səsləndirdiyi həqiqətlər öz təsdiqini tapıb. Onun cəsarətli mövqeyi və prinsipial yanaşması ədalətin və dövlətçiliyin müdafiəsinə yönəlmiş nümunəvi addım kimi tarixə düşüb. Bu həm də göstərir ki, haqqı demək, prinsipial olmaq və dövlət maraqlarını qorumaq heç vaxt gec deyil və hər zaman öz dəyərini qoruyur.

Tural Qoca

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir