Azərbaycanda bioyanacaq üçün yeni mərhələ: deqradasiyaya uğramış torpaqlarda yağlı bitkilər sınaqdan keçirilir
Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 5 sentyabr tarixində İtaliyaya işgüzar səfəri çərçivəsində imzalanan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, SOCAR və İtaliyanın “Eni S.P.A” şirkəti arasında anlaşma memorandumu üzrə praktiki addımlar atılmağa başlanıb.
Memorandum ölkədə deqradasiyaya uğramış və şoranlaşmış torpaqlarda neft və onun törəmələrinə alternativ kimi istifadə oluna biləcək yağlı bitkilərin becərilməsini, siderat bitkilər vasitəsilə torpaq keyfiyyətinin yaxşılaşdırılmasını və istifadə olunmuş bitki yağlarının təkrar dəyərləndirilməsini nəzərdə tutur. Eyni zamanda, “ENI” şirkətinin beynəlxalq təcrübəsi əsasında mövcud neft emalı zavodlarının bioyanacaq istehsalına uyğunlaşdırılması imkanları da araşdırılır.
2025-ci il üçün təsdiqlənmiş fəaliyyət planına uyğun olaraq pilot layihənin icrasına start verilib. Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən Kürdəmir Təcrübə Sınaq Stansiyasında şoran torpaqlarda “Azərbaycan şəraitində yağlı bitkilərin becərilmə perspektivlərinin təyin edilməsi” mövzusunda yazlıq təcrübə əkinləri aparılıb.
Layihənin əsas məqsədi qlobal iqlim dəyişikliyi fonunda bioyanacaq istehsalı üçün yağlı bitkilərin ölkə üzrə potensialını müəyyənləşdirmək, yeni sortların yerli torpaq-iqlim şəraitinə uyğunluğunu və məhsuldarlığını qiymətləndirməkdir. Bu çərçivədə İtaliyadan gətirilmiş bir sıra yağlı bitki sortları ilk dəfə Azərbaycan şəraitində sınaqdan keçirilib.
Təcrübələr zamanı toxumların ISO standartlarına uyğun cücərmə qabiliyyəti yoxlanılıb, torpağın aqrokimyəvi göstəriciləri və suvarma suyunun tərkibi təhlil edilib, müvafiq gübrə və səpin normaları müəyyən olunub. Pilot sahələrdə xardal, saflor, günəbaxan və gənəgərçək bitkilərinin müxtəlif sortları əkilib.
Vegetasiya dövründə bitkilərin inkişaf mərhələləri izlənilib, fotosintetik göstəricilər ölçülüb, fitosanitar vəziyyət qiymətləndirilib və sortlar üzrə məhsuldarlıq göstəriciləri hesablanıb. İlkin nəticələr saflor sortlarının, günəbaxanın “RGT Angello” və “Idillic”, eləcə də gənəgərçəyin “Tamar” və “Bhim+” sortlarının daha yüksək məhsuldarlıq nümayiş etdirdiyini göstərib.
Aparılan tədqiqatların ilkin nəticələrinə əsasən, seçilmiş sortlardan əldə edilən yağların Azərbaycanda bioyanacaq və mühərrik yağları istehsalında istifadəsi real perspektiv kimi qiymətləndirilir.
Hazırda memorandum çərçivəsində pilot layihələr davam etdirilir. Növbəti mərhələdə elmi nəticələrin dərc edilməsi, yeni bitki növlərinin sınaq əkinlərinin genişləndirilməsi, deqradasiyaya uğramış torpaqlarda bu əkinlərin iqtisadi səmərəliliyinin hesablanması və ölkə üzrə bioyanacaq istehsalı üçün genişmiqyaslı əkin imkanlarının qiymətləndirilməsi planlaşdırılır.,

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir