Məhkəmə zalına ağır bir sükut çökmüşdü. Bu sükut sıradan bir sessiyanın yox, onilliklərin ağrısını içində boğan bir vulkanın partlayışından əvvəlki səssizlik idi. Şahid kürsüsünə çıxan qadının gözlərində yalnız kədər deyil, həm də tarixin ən böyük soyqırımlarından birinin qanlı mənzərələri canlanırdı. O, sadəcə bir zərərçəkmiş kimi deyil, bir nəslin yox edilişinin canlı şahidi kimi danışırdı. Qarşısında oturan isə bu cinayətlərin ideoloji və maliyyə dəstəkçilərindən biri — Ruben Vardanyan idi.
“Pənah Gətirdiyimiz Şəhər Bizim Məzarımız Oldu”
“Biz Şuşadan qaçıb Xocalıya gələndə elə bilirdik ki, burda canımızı qurtaracağıq,” – deyə başladı qadın. Səsi titrəsə də, hər kəlməsi bir güllə kimi zalın divarlarına dəyirdi. “Həyat yoldaşım cəbhədə idi. Mən iki körpə qızımla bir evin dörd divarı arasında ümidə sığınmışdım. Amma 1992-ci ilin o fevral gecəsi ümidlər də qarla bərabər qana boyandı. Erməni silahlıları şəhərə hücum edəndə mən, iki qızım, baldızımın səkkiz aylıq hamilə gəlini və onun yoldaşı ilə meşələrə üz tutduq. Amma fələk bizi Əsgəran yolunda pusquya saldı. Bizi vəhşicəsinə döyüb köhnə bir ‘UAZ’ maşınına basdılar. O an anlamalı idim ki, biz artıq dirilərin dünyasından qoparılmışıq.”
Bəşəriyyətin Utanc Günü: Ana Bətnindəki Körpənin Qətli
Qadın bir anlıq dayandı, nəfəsi kəsildi. Zal sanki nəfəsini saxlamışdı. O, baldızının oğlu və onun hamilə yoldaşının başına gələnləri danışanda dəhşət havası hər kəsi bürüdü:
“Bizi polis məntəqəsinin ikinci mərtəbəsinə doldurdular. Baldızımın oğlunu gətirib qarşısına şərt qoydular: ‘Ya silahı götürüb öz xalqına qarşı vuruşacaqsan, ya da gözünün qabağında ailəni məhv edəcəyik’. O igid oğlan ‘Ölərəm, amma xalqıma xəyanət etmərəm, məni öldürün, amma bu hamilə qadına dəyməyin’ deyə yalvardı. Amma onlarda insanlıq yox idi… Gözümüzün önündə, səkkiz aylıq hamilə qadının qarnını bıçaqla yarıb, hələ doğulmamış körpəni çıxarıb öldürdülər. O körpə bu dünyanın işığını görmədən vəhşətin qurbanı oldu. Sonra isə hıçqırıqlar içində çırpınan baldızım oğlunu tikə-tikə etdilər. Mənim və körpə qızlarımın gözü qarşısında…”
Divarların O Tayındakı Fədakarlıq
İşgəncələr bitmək bilmirdi. Qonşu otaqdan gələn səs qadının qəlbinə bıçaq kimi sancılmışdı. Bu, onun həyat yoldaşının səsi idi:
“Eşidirdim… Onu döyürdülər. O isə qışqırırdı ki, ‘Mənim heç kimim yoxdur! Nə ailəm var, nə uşağım!’. O, bunu bizi xilas etmək üçün edirdi. Bilirdi ki, əgər bizim onun ailəsi olduğumuzu bilsələr, bizi onun gözü qarşısında daha betər işgəncələrlə öldürəcəklər. Bir neçə gün sonra səsi kəsildi. Tualetə aparılanda bir nəfər pıçıldadı: ‘Yoldaşını Xankəndinə apardılar, bir erməni qəbrinin üstündə başını kəsdilər’. O an ruhumun qopduğunu hiss etdim.”
İki Körpənin Sessiz Ölümü
Qadının hekayəsinin ən dözülməz hissəsi isə övladlarının ölümü idi. Balaca qızının anasını qorumaq üçün göstərdiyi o aciz, amma böyük cəsarəti zalda hər kəsi göz yaşına boğdu:
“Erməni cəlladı məni döyəndə azyaşlı qızım onun ayağından dişlədi. O qansız məxluq uşağı götürüb ikinci mərtəbənin pəncərəsindən aşağı atdı. Huşumu itirmişdim. Ayılanda qızımı yanımda gördüm, ayağı qırılmışdı, acıdan bağırırdı. Hər dəfə uşaq ağlayanda ermənilər içəri girib məni ‘niyə sakitləşdirmirsən’ deyə döyürdülər. Üçüncü gün balaca qızım mənim döyülməyimə dözə bilmədi. Ayağının sümük sızltısını içinə saldı, ağlamadı… Məni döyməsinlər deye susdu və o sükutun içində canını tapşırdı. Onun cansız bədənini də həmin pəncərədən zibilliyə atdılar. Bir həftə sonra isə o biri qızım aclıqdan qollarımda can verdi.”
Vardanyanın Üzünə Oxunan Hökm
“Mən üç ay o cəhənnəmdə qaldım. Hər gün ölmək üçün dua etdim, amma əcəl məni tapmadı. Üç aydan sonra Qırmızı Xaç vasitəsilə dəyişdirildim. Amma mən o zindandan tək çıxmadım. Orda yoldaşımın başını, uşaqlarımın cənazəsini, gəncliyimi və ruhumu qoyub gəldim.”
Qadın barmağını müttəhim kürsüsündə əyləşən Vardanyana tərəf uzatdı:
“İndi bu adamın məhkəməsi qurulub. Amma bilin ki, onun maliyyələşdirdiyi, dəstəklədiyi o ideologiya mənim bütöv bir ailəmi yox etdi. Mən bir ailədən qalan yeganə kölgəyəm. Mənim qızlarımın qanı bu adamların əllərindədir!”
Vüqar Şirinoğlu.
P. S. :Bu yazı, Xocalı soyqırımı zamanı baş vermiş real faktlar və zərərçəkmişlərin ifadələri əsasında, bəşəri cinayətlərin unudulmaması üçün qələmə alınmışam .
Bu , zərəçəkmiş xanımın çıxışı, mənim iştrakı etdiyim Ruben Vardanyanın məhkəməsində eşitdiyim ən acılı hadisələrdən başlıcası oldu.
Şükür olsun ki, heç olmasa haqq yerin aldı . Digər Xocalı qatilləri azad gəzsələr də , bu ünsür öz layiqli cəzasını aldı.! Allah bütün şəhidlərimizə rəhmət eləsin.!
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

