“Açıq söz” qəzeti ictimai-siyasi mahiyyətinə, fəlsəfi fikir yükünə, dərin mündəricəsinə görə çoxçeşidli, müxtəlif təmayüllü Azərbaycan milli mətbuatına, ictimai-siyasi, elmi-nəzəri və ədəbi-mədəni fikir tariximizə daxil olan, demokratik düşüncəli, yüksək məfkurəli şəxsiyyətlərin azərbaycançılıq ideologiyasını öz səhifələrində ehtiva edərək gələcək nəslə çatdıran sanballı, monumental, mötəbər və qiymətli mətbu orqanlardan biri kimi mətbuat tariximizin zirvəsində qərarlaşmışdır.
“Müsavat” partiyasının rəsmi orqanı olan “Açıq söz” qəzeti görkəmli ictimai-siyasi xadim, yazıçı, publisist Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə 1915-ci il oktyabrın 2-də, “İqbal” qəzetinin (1912- 1915) davamı kimi nəşrə başlamışdı. Müxtəlif dövrlərdə Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Əli Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Oruc, Qənbər və Abuzər Orucov qardaşları “Açıq söz”ün naşirləri və redaktorları olmuşlar.
“Türkləşmək, islamlaşmaq və müasirləşmək” tendensiyasını irəli sürən qəzet sonadək öz əqidəsinə sadiq qalmış, bu şüarlara dərin fəlsəfi məzmun və mahiyyət vermiş, böyük təkamül yolu keçərək milli-mədəni, milli-məhəlli muxtariyyət və milli müstəqillik səviyyəsinə qədər yüksələ bilmişdir. Qəzetin əsas fəaliyyət proqramına çevrilən “Türkləşmək, islamlaşmaq və müasirləşmək” məfkurəsi həm də bütövlükdə azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsinə istiqamətlənmiş planlı bir strategiya idi.
Qəzet ilk sayında öz məram və məqsədini açıqlayaraq yazırdı: “Dəhşətlərinə şahid olduğumuz böyük müharibə böyük bir həqiqəti- əsrimizin millətçilik əsri olduğunu sübut etdi. Özləri lazımınca bilib, istiqlal üçün müəyyən bir ideal, məfkurə bəsləyən millət, şübhəsiz ki, böyük bir qüvvət təşkil edir… Ayrı-ayrı millətlər, bir millət olaraq yaşaya bilmək üçün, hər şeydən əvvəl, özlərin bilməli, müəyyən fikir və əməllər ətrafında birləşərək, böyük bir məfkurəyə… sahib olmalıdırlar. Çünki müttəhid bir ruh və müştərək bir qayəyə malik olmayan millətlərlə yeni əsaslar üzərində qurulacaq həyat hesablaşmayacaq və belə bir silahdan məhrum olan cəmaətlər kimsəyə söz eşitdirə bilməyəcəklər”.
Birinci Dünya müharibəsinin tüğyan etdiyi illərdə nəşr olunan “Açıq söz” qəzeti dövrün əsas ictimai-siyasi, sosial, iqtisadi, ədəbi-mədəni proseslərini ardıcıl və sistemli öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edirdi. Qəzet həm mövzu və janr rəngarəngliyi, həm ideya-siyasi yönümü, həm də forma və məzmun müxtəlifliyi ilə diqqəti cəlb etmiş və dövrün əsas mətbuat orqanlarından birinə çevrilmişdi. Qəzetin tarixi əhəmiyyətini, dəyərini, sanbalını artıran mühüm faktorlardan biri də Azərbaycan Xalq Cümhuriyyətinin strategiyasını, elmi- nəzəri və ideoloji əsaslarının əsas istiqamətlərini öz səhifələrində əks etdirməsi və həmvətənləri arasında böyük maarifləndirmə işi aparması idi. Bununla yanaşı “Açıq söz” qəzetində Rusiyada baş verən ictimai-siaysi proseslərə, Azərbaycan həyatının bütün sahələrini özündə ehtiva edən zəngin məlumatlara, milli dirçəliş, muxtariyyət məsələləri ilə bağlı yazılara da geniş yer verilirdi. Birinci Dünya müharibəsinin yer üzünə, bəşəriyyətə gətirdiyi çoxsaylı bəlalar, fəlakət və dəhşətlər obyektiv şəkildə işıqlandırılaraq geniş oxucu auditoriyasına çatdırılırdı. Qəzet Rusiyada 1917-ci il inqilabı dövründə Azərbaycan xalqının milli müstəqilliyi yolunda başlıca maneəyə çevrilən rus-bolşevik və erməni-daşnak irticasına qarşı fikir savaşının önündə gedirdi.
“Açıq söz” geniş arealda, o cümlədən Azərbaycanın bütün bölgələrində, Orta Asiya, Volqaboyu, Dərbənd, Borçalı, Cənubi Azərbaycan, İrəvan, Türkiyə və başqa geopolitik məkanlarda, geniş coğrafi ərazilərdə yayılmış və maraqla qarşılanmışdır. “Açıq söz” ün şöhrət qazanmasında qəzetin rəngarəng rubrikalarda oxuculara təqdim edilməsinin müstəsna rolu vardır. Belə ki, qəzet fəaliyyət göstərdiyi 4 il müddətində aşağıdakı maraqlı rubrikalarla çıxış etmişdi: “Millətlər müharibəsi”, “Son teleqraflar”, “Sülh ətrafında”, “Bakı xəbərləri”, “Daxili xəbərlər” (1917-ci ildən “Əhvali-daxiliyyə”), “Dövlət Duması”, “İran işləri”, “Ərzaq işləri”, “Türküstan xəbərləri”, “Müsavat”da, “Bizim mətbuat”, “Şəhər duması”, “Açıq sütunlar” və s. Göründüyü kimi, qəzetin öz səhifələrində əks etdirdiyi bu rubrikalar dövrün aktual problemlərinin oxuculara çatdırılmasına geniş təminat yaratmışdır.
“Açıq söz” qəzetinin fəaliyyət dövrünü üç mərhələdə təsnif etmək olar: istibdad dövrü (1915 – fevral 1917); inqilabdan sonrakı dövr (fevral 1917 – mart 1918); Azərbaycan Xalq Cümhuriyyəti dövrü ( sentyabr-oktyabr – 1918).
“Açıq söz” qəzetinin mövzu və janr rəngarəngliyində, ideya zənginliyində Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Əhməd bəy Ağayev, Hüseyn Cavid, Əhməd Cavad, Abdulla Şaiq, Tağı Şahbazi, Yusif Vəzir Çəmənzəminli, Nəcəf bəy Vəzirov, Əbduürrəhim bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Üzeyir bəy Hacıbəyli, Sənətullah Eynullayev kimi ədib, jurnalist və ictimai xadimlərin xüsusi rolu olmuşdur. Dövrün bu görkəmli ziyalıları öz zəngin yaradıcılığı, publisistik əsərləri vasitəsilə xalqa soykökünü, milli kimliyini tanıtmağa, onun çoxəsrlik mədəniyyətini, ədəbiyyatını və dilini inkişaf etdirməyə müvəffəq olmuşlar.
Sovet dönəmində geniş təbliğ edilməyən, arxivlərdə qalan bu tarixi əhəmiyyətli mətbuat orqanının geniş ictimaiyyətə çatdırılması unudulmaz alimimiz, professor Şirməmməd Hüseynovun böyük xidmətlərindən biridir. İstiqlalçı alim özünün “Milli haqq və ədalət axtarışında”, “Müstəqilliyin çətin yolu… Reallıqlar, düşüncələr”, “Mətbu irsimizdən səhifələr” və başqa dəyərli kitablarında “Açıq söz” qəzetindən bəhs etmiş, orada əksini tapan məqalələri transliterasiya etmiş, izah və şərhlərlə Azərbaycan oxucularına təqdim etmişdir. Bununla yanaşı Şirməmməd Hüseynov M.Ə.Rəsulzadənin “Açıq söz”də dərc etdirdiyi dərin məzmunlu və yüksək məfkurəli publisistik əsərlərini də transliterasiya edərək görkəmli ideoloqun əsərlərinin nəşrinə nail olmuşdur.
Professor Şirməmməd Hüseynov qəzetin keçdiyi çətin və şərəfli yola nəzər salaraq yazır: “Açıq söz” Azərbaycanın bütün vətənpərvər, açıq gözlü ziyalılarını öz ətrafına yığıb uzaqdan hənirtiləri hiss edilən, eşidilən “vaqieyi-əziməyə” hazırlaşmağı qarşısına məqsəd qoymuşdu. Lakin bu strateji məqsədə çatmaq üçün həddindən artıq çətin, mürəkkəb, keşməkeşli yol qət etmək lazım idi. Qarşıda şiddətli “fikir və qələm mübarizəsi” dururdu. 1915-ci il oktyabrın 2-dən ta 1918-ci ilin mart faciəsi başlanan, yəni daşnak-bolşevik hərbi dəstələrinin Bakıda azərbaycanlıları kütləvi surətdə qırmağa başladığı günə- martın 18 (31)-nədək “Açıq söz”ün 724 nömrəsi işıq üzü görmüşdür. Uzun illər dəmir seyflərdə gözdən və tədqiqatdan uzaq saxlanılan, yalnız xüsusi icazə ilə tanış olmaq imkanı verilən “Açıq söz”ün hər bir nömrəsi tariximizin kollektiv yaddaşı, canlı, düşünülmüş və həyat həqiqətlərini doğru və düzgün əks etdirən salnamədir” (Şirməmməd Hüseynov. Milli istiqlalımızın bayraqları. Milli haqq və ədalət axtarışında. Bakı, “Adiloğlu, 2004, s. 193).
“Açıq söz” qəzetinin tarixi xidmətlərindən biri də rus hökumətinin xalqımızı “müsəlman” və “tatar” adlandırmasına qarşı çıxması, “Biz türkük” deyə açıq şəkildə və cəsarətlə bəyan etməsi idi. Məhəmməd Əmin Rəsulzadə bu məqama diqqət çəkərək milli təəssübkeşlik hissi ilə yazırdı: “Açıq söz” ilk dəfə olaraq o vəqtə qədər Qafqaziya müsəlmanı və yaxud tatarı deyilən xəlqin türk olduğunu cəsarət və israrla meydana qoymuş və bu xüsusda hərb sansoru ilə mübarizə etmək zərurətində qalmışdı”. Qəzetdə dərc edilən bu cür maarifləndirici məqalələr təkcə Azərbaycan xalqını deyil, həm də imperiyanın əsarətində yaşayan türkləri qəflətdən oyatmağa, milli kimliyini dərk etməyə istiqamətləndirən və mühüm əhəmiyyət kəsb edən yazılar kimi diqqəti cəlb edirdi.
1916-cı ilin oktyabrında qəzetin nəşrə başlamasının bir illiyi münasibətilə çap etdirdiyi “Getdiyimiz yol” adlı məqalədə deyilirdi: “İlk nömrədə “Açıq söz” tutacağı yolun istiqamətini göstərmək üçün 3 nöqtə bəlləmişdi: türkləşmək, islamlaşmaq, müasirləşmək. Bu üç nöqtəni təhlil etmək istərsək əlhasil sonuncusu-müasirləşməkdən başlamalıyız. Müasirləşmək-iştə bütün millətləri sülh və nicat yoluna çıxaran böyük vasitə! Müasirləşməyən, yəni zaman və əsrindəki maddi və mənəvi vasiteyi-mədəniyyə ilə silahlanmayan bir cəmiyyət (toplum) gərək qan və dicə birləşmiş milliyyət və ya din, ruh və vicdanca tanışmış beynəlmiləliyyət olsun-mümkün deyil!..” M. Ə. Rəsulzadə məqalədə müasirləşmək tendensiyasını təsadüfən irəli sürmürdü. O, “Açıq söz”ün 1917-ci il 11 yanvar sayındakı baş məqalədə ciddi xəbərdarlıq edərək oxuculara çatdırırdı: “Bəyanatlar və xəbərlər bəşər dünyasının irəlidə əqləgəlməz dəhşətli və qanlı bir mənzəreyi-vüquat qarşısında olduğunu göstərir”. Həmin ilin 19 yanvar sayında “Açıq söz” “Millətlərin təmin hüququ” adlı baş məqaləsində yazırdı: “Bundan belə Avropadakı və Asiya Şərqindəki böyük-kiçik, güclü-gücsüz millətlərin həqqi-həyat və hürriyyəti-milliyyəsi, tərəqqiyati-mədənisi haqqında Avropanın, Amerikanın, Yaponiyanın fikir və məqsədləri bəyan edilmiş, eşidilmiş oldu. Fəqət bütün bu bəyanatların, nitqlərin ibarəsinə, məzmununa diqqət edilsə görülər ki, burada mətləb “Avropa” kəlməsilə qeyd olunmaqdadır… Avropa mədəniyyəti Avropadakı üfaq millətlərin hürriyyət və hüququ mövzusunda pək olduğunu görəcəksiniz…fövqəladə diqqət ediləcək burasıdır ki, bütün bu qədər nitqlər və sözlərdə “Şərq əqvamı” və xüsusən “Orta Şərq millətləri” haqqında bu günə qədər bir kəlmə ilə olsun “ifadeyi-məram” edilməmişdir… Əcəba Orta Şərqdə hüquq və hürriyyəti- mədəniyyəsi təminə möhtac bir millət yoxmudur?..”
M. Ə. Rəsulzadənin Xalq Cümhuriyyəti qurmaq ideyası 1917-ci ildə Rusiyada baş verən inqilabdan, mütləqiyyət rejiminin süqutundan sonra daha da reallaşmışdı. O, “Açıq söz” qəzetinin 17 mart 1917-ci il sayında dərc etdirdiyi bir məqaləsində yazırdı: “Demokratiya nöqteyi-nəzərindən Rusiyada yaşayan və çarizmin təcavüzkar siyasətinə məruz qalan sinif, silk və millətlər üçün cümhuriyyətdən daha münasib bir üsuli-idarə təsəvvür olunmaz. Fəqət cümhuriyyətdən cümhuriyyətə də fərq var. Cümhuriyyət elə əsaslar üzərində qurula bilər ki, yenə cümhuriyyəti-ənamın məhkum millətlərin hüququnu tamamilə təmin etməyib xəlqin mümtaz qismi mənafeyinə uydurulsun… ola da bilər ki, ümumi, müsəvi, gizli və doğru surətdə icra olunan seçkilərin iqtiza edildiyi hürriyyətlərə bina olunub ümumeyi-xəlqin mənafeyini gözləsin, qanun nəzərində xas əvam görməyib xalq cümhuriyyəti şəkli alsın. Məhkum sinif və millət gözü ilə baxdıqda işıqlı istibdad qarasından, məşrutiyyət işıqlı istibdaddan, cümhuriyyət məşrutiyyətdən cümhuriyyəti-ənamda, cümhuriyyəti xas daha faydalı və daha müvafiq məramdır. Var olsun Xalq Cümhuriyyəti!”.
M. Ə. Rəsulzadənin publisistikası Cümhuriyyətin ideoloji dayaqlarını formalaşdırmaq, milli-mənəvi dəyərləri qorumaq, xalqı vətənpərvərlik ruhunda tərbiyə etmək missiyasını daşıyırdı. Ədibin publisistik məqalələrində müstəqilliyin qorunmasının zəruriliyi, milli birlik və həmrəylik çağırışları, parlamentarizm və demokratik idarə üsullarının təbliği, təhsil və mədəniyyətin dövlət siyasətindəki rolu kimi əhəmiyyətli məsələlər yer alırdı. Böyük mütəfəkkirin bu mövzuda qələmə aldığı “Milli məsələ və Azərbaycan”, “İstiqlal yolunda”, “Azərbaycan Cümhuriyyəti və demokratiya” kimi məqalələri dövrün publisistikasının zirvəsini fəth edirdi.
Rusiyanın əldə etdiyi hürriyyətin çox çətinliklər bahasına qazanıldığını, hər bir xalqın azadlığına qovuşmaq üçün mübarizələrdən keçməli olduğunu vurğulayan Xəlil İbrahim yazırdı: “İş çox- çalışan yox. Yük ağır-yük daşıyan yox. Vəzifə mühüm və məsuliyyətli- vəzifəsini bilmək istəyən az! Rusiya hürriyyət almışdır. Bəli, bu yaxınlarda almışdır. Amma bu hürriyyət on illərdən bəri künclərdə, bucaqlarda, qaranlıq yuvalarda, həbsxanalar küncündə, zindanlar zülməti içində, buzlu Sibiriya tundralarında qaranlıq kazarmalarda, vəhşi tayqalarda çalışan alicənab xadimlərin min dürlü zəhmət və məşəqqəti, hər növ həmiyyət və qetrəti sayəsində alınmışdır! İndi bunca əzab və zəhmətlərin ağacı meyvə gətirmişdir: Hürriyyət meyvəsi!” (“Açıq söz”, 22 mart 1917-ci il). Müəllif məqalədə Azərbaycan xalqının da istiqlaliyyət əldə etməsi üçün belə çətin sınaqlardan keçməyə hazır olmasını diqqətə çatdırırdı.
Milli istiqlal və dövlətçilik düşüncəsi qəzetin publisistikasında aparıcı rol oynayırdı. Məqalələrdə əsas ideya Azərbaycanın müstəqil dövlət olaraq yaşamaq haqqının izahı və müdafiəsi idi. Görkəmli publisist Ömər Faiq Nemanzadə “Açıq söz”ün 10 yanvar 1917-ci il sayında yazırdı: “Dostluq, səmimiyyət qara günlərdə bəlli olur. Bir millətin yaşamağa istedadı fəlakətli günlərdə anlaşılır. Bir millətin qələbəsi halidəki çıxışından, tərpənişindən aşkar olur. Bir millətin, xüsusilə məhkum bir millətin insanca yaşaya biləcəyi, tərəqqi edə biləcəyi, mədəni bir ünsür halına keçə biləcəyi “köməkləşməsinin” az və çoxluğu ilə ölçülür. Bir millətin başçısı o millətdən olanların öz millətini tanıması ilə, özü-öz anası kimi sevməsi ilə, onun şanını, namusunu, diriliyini, mənfəətini, öz namusu, öz mənfəəti kimi bilməsilə olar”.
“Açıq söz” qəzeti, Cümhuriyyət dövründə fəaliyyətini davam etdirərək demokratik ideyaların, milli birlik və maarifçilik prinsiplərinin yayılmasında mühüm rol oynamışdır. Üzeyir bəy Hacıbəylinin, Məhəmməd Əmin Rəsulzadənin, Əhməd bəy Ağaoğlunun və başqalarının qəzetdə dərc edilən məqalələrində Cümhuriyyətin idarəçilik prinsipləri, milli ordu quruculuğu, təhsil və mədəniyyət siyasəti, qadın azadlığı kimi məsələlər müzakirə olunmuşdur. Üzeyir bəy Hacıbəylinin “Millət nədir?”, “Hürriyyət nədir?” kimi yazıları publisistik janrda yazılmış və milli şüurun formalaşmasına xidmət etmişdir. Bu məqalələrdə millət anlayışı, azadlığın mahiyyəti və onun qorunmasının yolları aydın və sadə dildə xalqa çatdırılırdı.
1917-ci il fevralın sonunda çar mütləqiyyət üsul-idarəsinin devrilməsindən sonra “Açıq söz” öz fəaliyyətini daha da genişləndirərək dövrün nüfuzlu mətbuat orqanlarından birinə çevrilmişdi. Qəzetin bu mərhələdəki fəaliyyətinə işıq salan professor Şirməmməd Hüseynov yazır: “ 1917-ci ilin oktyabr çevrilişinə qədər milli-mədəni muxtariyyət, Milli-məhəlli muxtariyyə tələblərilə çıxış edən “Açıq söz” çevrilişdən sonra çox böyük ehtiyat və xüsusi taktiki gedişlərlə, hadisələrin cərəyanını diqqətlə izləyərək Milli İstiqlal problemini ehtiyatla gündəliyə gətirdi. 1918-ci ilin 28 May fütuhatı – Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi “Açıq söz”çülərin qələbəsi idi. Təsadüfi deyildi ki, Üzeyir Hacıbəyovun baş redaktorluğu ilə 1915-ci il aprelin 28-dən nəşrə başlamış gündəlik “Yeni İqbal” qəzeti 1917-ci ilin avqust günlərində “Açıq söz”lə birləşmiş və istiqlalın elanından sonra “Azərbaycan” adı ilə bərpa olunmuşdur. Tam siyasi fəaliyyətə keçən M. Ə. Rəsulzadəni müstəqil Azərbaycanın ilk nüfuzlu siyasi qəzetinə rəhbərlikdə Üzeyir və Ceyhun Hacıbəyov qardaşları əvəz etmişdilər”. (Şirməmməd Hüseynov. Milli istiqlalımızın bayraqları. Milli haqq və ədalət axtarışında. Bakı, “Adiloğlu, 2004, s. 195).
Azərbaycan mətbuatı “Açıq söz” qəzetinin timsalında publisistikanın milli ideologiyanın qurulması və qorunmasındakı müstəsna rolunu sübut etdi. Bu dövr mətbuatı yalnız informasiya vasitəsi deyil, həm də milli dirçəlişin əsas ideoloji platformasına çevrildi. Əsrin bu mərhələsində Cümhuriyyətin əsas simalarının publisistik fəaliyyəti gələcək nəsillər üçün ədəbi məktəb funksiyasını yerinə yetirdi, dövlətçiliyimizin ideoloji əsaslarını formalaşdırdı və həmvətənlərimizi demokratik dəyərlər uğrunda mübarizəyə səslədi.
Gülbəniz Babayeva
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin