Cəmiyyətimizin bugünkü vəziyyəti ürəkaçan deyil. Küçəyə çıxanda görürsən ki, hər kəsin başı telefondadır və yanındakı insanı belə görmür. Salamlaşmaq, hal-əhval tutmaq unudulub, insanlar bir-birinə soyuq davranır, üzlərdə gülüş yox, daha çox əsəb və aqressiya üstünlük təşkil edir. Ailə dəyərləri tədricən itir, böyüyə hörmət, kiçiyə qayğı azalır. Qonşuluq əlaqələri unudulur, insanlar bir-birindən uzaqlaşırlar.
Gənclərin durumu isə daha da narahatedicidir. Onların bir qismi günlərini sadə mahnılar, meyxanalar və telefonda mənasız videolar izləməklə keçirir. Xüsusilə oğlanların çoxu saçlarını uzadıb, özlərini “oğru aləmi”nə aid adam kimi göstərməyə çalışır. Küçələrdə bıçaq gəzdirən, təhsildən uzaq, siqaret çəkən, əxlaqsız zarafatlar edən gənclərin sayı artır.
Məktəbə gedərkən gördüyüm mənzərə də ürəkaçan deyil. Məktəbin qarşısında siqaret çəkən, dərsə getməyən uşaqlar var. İrad bildirdikdə isə “Valideynimiz bilər, biz bilərik” deyirlər. Bu isə valideyn nəzarətinin zəif olduğunu və gənclərin məsuliyyətsizliyini göstərir.
Televiziyada təbliğ olunan bayağı mahnılar və əxlaqsız həyat tərzi gənclərə pis nümunə olur.
Bu hallara biganə qalmaq olmaz. Valideynlər övladlarının kimlərlə dostluq etdiyini, nə ilə maraqlandığını bilməlidirlər. Məktəblərdə tərbiyə işi gücləndirilməli, media isə sağlam nümunələr təqdim etməlidir. Əks halda, gələcəyimiz daha böyük problemlərlə üzləşəcək.
Tural Qoca
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin