Biz elə bir dövrdəyik ki, insanlar hər şeyə inanır, heç nəyi yoxlamırlar. Süni intellekt, saxta xəbərlər, sosial şəbəkələr… Bunlar insanı idarə edir, amma ağıl yoxdur. Savad yoxdursa, dünyagörüşü yoxdursa, insan tez aldanır, tez qəzəblənir.
Sosial şəbəkələr artıq həyatımızı deyil, zehniyyətimizi yeyir. Hara baxırsan, hamı gəzdiyi yeri, yediyini, içdiyini, maşınını, evini nümayiş etdirir. Hamı özünü göstərir, amma heç kim içini göstərmir.
Bir paylaşım xoşuna gəlməsə, dərhal söyüşə, təhqirə, hörmətsizlik etməyə başlayır. Dini mövzu, xarici müharibələr, fikir ayrılığı – fərqi yoxdur. Hamısı eyni sonluq: bir-birini alçaltmaq, bir-birinə nifrət püskürmək. Artıq heç kimin heç kimə hörməti qalmayıb.
İnsanlar Avropada yaşamaq istəyir, amma Avropanın mədəniyyətini, qanununu, idarəçiliyini özündə inkişaf etdirmək istəmirlər. “Orada yaşamaq” arzusu var, amma “orada yaşamağı bilmək” yox.
Cəmiyyətimiz acınacaqlı haldadır. İnsanlar göstərmək üçün can atır, amma öyrənmək, düşünmək, inkişaf etmək istəmir. Sosial şəbəkələrdə söyüş və tənqid əsas məşğuliyyətimiz olub. Kitab oxumaq, elm öyrənmək, fikir paylaşmaq – bunları unutmuşuq.
Kaş hər şey fərqli olsaydı… Kaş insanlar əvvəl düşünər, sonra danışardılar. Kaş bir-birinə hörmət edər, elmə, savada, mədəniyyətə dəyər verərdi. Kaş cəhalət yox, ağıl hökm sürərdi.
Amma biz bu gedişlə yalnız özümüzü itiririk. Texnologiya bizi xilas edə bilməz. Çünki ağılsız insan üçün texnologiya alət deyil, zəhərdir.
Tural Qoca
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin