Zəngəzur
Yenə uçur səmada, taxtında ağ göyərçin,
Tarixə yazılan gün sənin ilin, Zəngəzur!
Ağ evdə yazılacaq bəxtin də ağ göyərsin,
Atılan imzalar da düz əməlin, Zəngəzur!
Artıq qatar yoldadır, yolunu açdı imza,
Sərnişin intizarda, qolunu açdı imza,
Açılmayan dillərin dilini açdı imza,
Getmədiyim yolları silir əlin, Zəngəzur!
Mən sonuncu qatarın sonuncu sərnişini,
Otuz ildir sıxmışam ürəyimə dişimi,
Gözlə, sənin qoynuna əbədi gəlişimi,
Taleyimə, bəxtimə gülür üzüm, Zəngəzur!
Sən bir Zəfər andısan, möhürün şəhid qanı,
Üçrəngli bayrağım tək, de, gözəl bayraq hanı?,
Düşmənin qəfəsdədir zəhər tək şirin canı,
Həm zəfərə, həm sülhə dolan dilim Zəngəzur!
Zəfərin beş ilində nə gözəl hədiyyəsən,
Sən dünyanın gözündə, dünyanın dilindəsən,
Necə mərd dayanmısan hər kəsin önündə sən,
Harda olsa sevinirxalqım, elim, Zəngəzur!
Naxçıvandan dünyaya sən damarda qanımsan,
Sən adi bir yol deyil, durulan vicdanımsan,
İllərdir gözlədiyim ən müqəddəs anımsan,
Yenilməz qürurumsan, düz əməlim, Zəngəzur!
Tarixə yazılan gün sənin günün, Zəngəzur!
****
Ürəyimdə gecə var,qırmızı gecə..
özü də necə?
Yanır, yanır göy üzü,
qaraldıb gündüzü..
arxasını çevirib gedir günahkar..
dodaqlar pıçıldayır:
günah var, günah var…
qaldırın kül rənginə boyanmış yer üzünü…
getsin ləkəsini silsin üzünün..
iblislər alov rəngində..
gülən gözü dayanıb əngində…
pozun qanunları, mən pozduğum kimi,
yozun o uşağın yuxusunu mən yozduğum kimi…
nə qaldı o qan rəngli yuxudan?
qara donlu quzunun qırmızı ayaqları…
göynək baxışların ütülmüs sozləri…
bir də gunduzlə-gecənin yatmayan,
təşnə olmuş oyaqları..
Tanrım…Sən bildiyini mən bilmərəm ki…
bəlkə, qırmızı alovların içində ağ günahlar yanır…
günahkar özünü günahsız sanır…
onlardı içimizi qarsan…
Tanrım, niyə yoxsan?
niyə varsan?
cavab ver, nə olar…
****
Boğmayın siz məni göz yaşlarında,
Mən ki, ağlamıram, gözüm ki yoxdu…
Bir ovuc küləm mən, odu sovulmuş,
Mən sözdən qorxuram….
sözüm ki yoxdu…
Göyə qanadlandım bir sabah yerdən,
Qanadım qırıldı, alışdı ruhum.
Cismim də diksindi bu yer üzündən….
Tanrımm!!!-…
göy üzünə danışdı ruhum…
Qoyun daş altına qara qutunu,
İçində on dörd ad, on dörd can yatır…
Qandı sinəmdəki qırmızı güllər..
Yatır…
Varları yox edən bu zaman…yatır…
Hardan sızıb içimdəki işığa?
Tabut qara, məkan qara, bəxt qara…
Uduzmuşam bu günümü sabaha,
Oyuna gir…
Ağ kəfənə ağ əlinlə yax qara…
****
Ana olsaydın qədrini bilərdin ananın…
Onun necə yandığını, əridiyini görərdin övlad yolunda.
Necə yüklər daşıdığını ürəyində, çiynində, qollarında.
Gecələr yuxun gəlməzdi ana olsaydın.
Səhəri dirigözlü açardın yolların pəncərəsində.
Ana olsaydın…canını, qanını qurban verməyin nə olduğunu
anlardın əlbəttə…
rahat uyu deyə yuxusuna duz basmağın,
gözlərini geçənin qara pərdəsindən asmağın
necə şirin, neçə çətin, necə yorğun olduğunu bilərdin… ana olsaydın.
Övladının sayı qədər bölünən ürəyin olardı onda.
Hərəsi bir göynək, bir həsrət göyərdərdi içində.
Sən hələ bilmirsən, görməmisən sevgini bu boyda, bu biçimdə..
Bilməyəcəksən heç..
****
Bu gün küləklər aparır bu küləklər şəhərini…
Toz içində çiçək kimi.
Sürüyür salxım söyüdü saçlarından bu külək…
Nə deyir, nə istəyir, bir bilək?
Dənizi dalga-dalğa hirsləndirir,
Qorxmuş qağayıları səksəndirir.
Bir ayrılıq, köç havası səslənir içimdə,
Bu şəhər, bu küçə biçimdə…
Doğma şəhərin qərib havası var
Ağlı-qaralı, nəşəli- yaralı addımların içində…
Sən da varsan, mən də varam o küləyin qanadında,.
Çırpır sənin dərdini mənə, mənim nəşəmi sənə,
Qovuşdurur, ayırır bizi…
ətrimiz tozumuza qarışır zərrə-zərrə…
Ovur alnımı barmağımın ucundakı elektromaqnit dalğaları
Toqquşur beynimdə fikir naqilləri…
****
Əgər yaşadımsa, bu ömür hanı?
Kimə girov qoydum, kimə xərc verdim?
Asıldım Tanrının ayaqlarından,
Bu gün yaşamağa dünən borc verdim.
Keçdim külək kimi bulud tozundan,
Yağışın ömrünü torpağa yazdım
Gövdənin, budağın qanından çəkib,
Yaşıl bir rəng ömrü yarpağa yazdım.
Titrədim, içimdən töküldü ahlar,
Amanın ətəyinə tutub sürüdüm.
Bütün savab günlər, bütün günahlar
Çəkdi məni arxasınca, yeridim. .
Misra-misra qan doğuldum, qan öldüm,
Ətimi, canımı şişə çəkdi söz.
Bəzən hamar yola bir əsa oldum,
Əlimi ağzımda dişə çəkdi söz.
Bir sabah, yazılan yazım gəlməmiş
Haqqın yanan üzün haqdan götürdüm.
Sarılb taleyin saydıqlarına
Ömrün baş tacını taxtdan götürdüm…
****
indi rahat oldunmu?
daha zənğ də vurmuram…
mesaj yolu bağlıdı…
hər siqnala durmuram…
öz-özümə danışıb
səni didib tökmürəm…
yuxusuz yuxulara
xəyalını bükmürəm…
hərdən sənə soz atıb,
demirəm, danış bir az…
heç özündə olmayan
sevgiyə alış bir az…
vallah, vecimə deyil,
nə yeyib, nə içirsən…
hər süfrə açılanda
gözlərimdən keçirsən…
səndən qabaq salamı
verməyim də, yox artıq…
tez-tez- “özünü qoru”-
deməyim də, yox artıq…
ruhsuz baxışlarınla
çox döymüşəm özümü…
tellərimin ağına
mən hörmüşəm dözümü…
bir dəfə daş dəyəndə
canım yaman ağrıyıb…
öyrəşəndə ağrıya
daşlar məni qarğıyıb…
sən, sən deyilsən artıq
ürəyimdə “itibsən…”
ürəyimi tapdayan
ayağında bitıbsən…
baxma uzaqdan mənə,
yaş da çıxmır gözümdən…
hər gün yağışlar yağır
sanki… sənin üzündən…
bu da sənə son sözüm…
başlamamış bitirdin…
niyə sənli günləri
misralara g
ətirdim…???
bu şeir sənə deyil,
sənsiz günün adına…
bu nömrəni yığarsan
mən düşəndə yadına…
-bu ki, mənim nömrəmdi…
-təəccüblənib karıxma,
məndə qalan özünü
hərdən ara, buraxma….
Təranə Arifqızı
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin