Yəməndə üç əsas qrup bir-birinə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Hədrəmut ərazisi rəsmi hakimiyyət qüvvələrindən ələ keçirilib. Məlumata görə, bu hərəkəti BƏƏ-nin dəstəklədiyi qrup başlayıb. Eyni zamanda İran dəstəkli Husilər və Səudiyyənin dəstəklədiyi hökumət qüvvələri, həmçinin İŞİD və Əl-Qaidə qrupları da mövcud vəziyyətdən yararlanmaq üçün fəallaşıblar. Bu gərginlik ölkənin şimal və cənub bölgələrinə yayılmaqda davam edir və humanitar böhran riski artır. Əhali kütləvi şəkildə evlərini tərk edir, infrastruktur zərər görür və ərzaq, su çatışmazlığı ciddi problemlər yaradır.
Paralel olaraq İraq Kürdüstanında iki böyük əşirət arasında qanlı qarşıdurma baş verib. Bərzaninin qohumlarına aid obyektlərə od vurulub, digər kürd qrupları Peşmərgənin qərargahlarını ələ keçirməyə cəhd göstərib. Bu hadisələr bölgədəki siyasi sabitliyi daha da sarsıdır və yerli hakimiyyət strukturlarının nəzarətini zəiflədir.
Hər iki ölkədə baş verən qarşıdurmaların kənardan planlaşdırıldığı və idarə olunduğu bildirilir. İraqda vəziyyət nisbətən stabilləşə bilər, lakin Yəməndə vətəndaş müharibəsi səviyyəsinə qədər dərinləşmə ehtimalı yüksəkdir. Beynəlxalq ictimaiyyətin müdaxiləsi və humanitar yardımların təşkili olmadan vəziyyət daha da gərginləşəcək.
Tural İrfan
Politoloq
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

