Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə ərazisinin 20 faizinin hələ də Rusiya tərəfindən işğal altında olduğunu bildirib. O, beynəlxalq ictimaiyyəti bu vəziyyəti qəbul etməməyə çağırıb və işğal faktının beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.
Yenifikir.media türk mətbuatına istinadən xəbər verir ki, Baş nazir bu fikirləri Rusiya-Gürcüstan müharibəsinin 17-ci ildönümündə səsləndirib. Bu münasibətlə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və hökumət nümayəndələri ilə birlikdə Tbilisi yaxınlığındakı Muxatqverdi Qardaşlıq Qəbiristanlığını ziyarət edərək, müharibədə həlak olan hərbçilərin xatirəsini yad ediblər.
Kobaxidze çıxışı zamanı qeyd edib ki, 2008-ci ildə baş verən müharibədən sonra Gürcüstan ərazilərinin beşdə biri Rusiya tərəfindən qanunsuz olaraq işğal olunub. O, həmin dövrdə hakimiyyətdə olan sabiq prezident Mixail Saakaşvili və komandasını ölkəyə xəyanət etməkdə ittiham edib. Baş nazirin sözlərinə görə, beynəlxalq sənədlərdə müharibənin Gürcüstan tərəfindən başladığı göstərilib və bu faktlar əvvəlki hakimiyyətin milli maraqlara zidd addımlar atdığını sübut edir.
“Müharibədə 400-dən çox insan həyatını itirdi. Bu faciənin əsas məsuliyyəti o dövrün rəhbərliyinin üzərindədir”, – deyə Kobaxidze qeyd edib.
Prezident Kavelaşvili də öz çıxışında 2008-ci il müharibəsinin qarşısını almaq üçün kifayət qədər səylərin göstərilmədiyini bildirib. O, vurğulayıb ki, ölkənin bu günə qədər gəlib çıxmasında Gürcüstan əsgərlərinin və vətənpərvər insanların böyük rolu olub.
Eyni zamanda, Gürcüstan Xarici İşlər Nazirliyi də yazılı bəyanatla çıxış edərək Rusiyaya müraciət edib. Bəyanatda Rusiyadan Abxaziya və Cənubi Osetiyada yerləşən hərbi birləşmələrini geri çəkməsi tələb olunub.
Abxaziya və Cənubi Osetiya münaqişəsi
Qeyd edək ki, 1992–1993-cü illərdə Gürcüstan ordusu ilə Rusiyanın dəstəklədiyi abxaz separatçıları arasında 13 ay davam edən münaqişə baş verib. 2008-ci ilin avqustunda isə Gürcüstanla Rusiya arasında beşgünlük müharibə yaşanıb. Bu müharibədən sonra Abxaziya və Cənubi Osetiya Gürcüstandan birtərəfli şəkildə “müstəqillik” elan ediblər.
Rusiya həmin bölgələrin müstəqilliyini tanıyıb, Gürcüstan isə buna cavab olaraq Moskva ilə diplomatik əlaqələri dayandırıb. Hazırda iki ölkə arasında vasitəçilik missiyasını İsveçrə həyata keçirir.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin