Prezident İlham Əliyevin 5 sentyabr 2024-cü il tarixində İtaliyaya işgüzar səfəri zamanı imzalanmış anlaşma memorandumuna uyğun olaraq Azərbaycanda bioyanacaq istehsalı istiqamətində konkret addımlar atılmağa başlanıb. Kənd Təsərrüfatı Nazirliyi, SOCAR və İtaliyanın “ENI S.P.A” şirkəti arasında əldə olunan razılaşmanın icrası çərçivəsində pilot layihələr həyata keçirilir.
Memorandum deqradasiyaya uğramış torpaqlarda neftə alternativ olan yağlı bitkilərin əkilməsi, siderat bitkilər vasitəsilə torpaq keyfiyyətinin yaxşılaşdırılması və istifadə olunmuş bitki yağlarının təkrar dəyərləndirilməsini nəzərdə tutur. Eyni zamanda, “ENI”nin qabaqcıl təcrübəsi əsasında Azərbaycanda mövcud neft emalı zavodlarının gələcəkdə bioyanacaq emalı müəssisələrinə çevrilməsi imkanları da araşdırılır.
2025-ci il üzrə fəaliyyət planına uyğun olaraq pilot layihənin icrasına start verilib. Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən Kürdəmir Təcrübə Sınaq Stansiyasında şoran və deqradasiyaya uğramış torpaqlarda “Azərbaycan şəraitində yağlı bitkilərin becərilmə perspektivlərinin təyin edilməsi” mövzusunda yazlıq təcrübə əkinləri aparılıb.
Layihə çərçivəsində İtaliyadan gətirilmiş yeni yağlı bitki sortlarının ölkə şəraitinə uyğunlaşma qabiliyyəti, məhsuldarlığı və iqlim stresslərinə davamlılığı öyrənilib. Təcrübələrdə xardal, saflor, günəbaxan və gənəgərçək bitkilərinin müxtəlif sortları istifadə olunub. Əkinlər ISO standartlarına uyğun toxumlarla aparılıb, torpaq və su analizləri əsasında gübrələmə normaları müəyyən edilib.
Vegetasiya dövründə bitkilərin inkişaf mərhələləri, fotosintetik göstəriciləri, fitosanitar vəziyyəti və məhsuldarlığı qiymətləndirilib. İlkin nəticələrə əsasən, saflorun hər iki sortu, günəbaxanın “RGT Angello” (6,74 t/ha) və “Idillic” (6,23 t/ha), həmçinin gənəgərçəyin “Tamar” (2,53 t/ha) və “Bhim+” (2,80 t/ha) sortları məhsuldarlıq baxımından daha perspektivli hesab olunub.
Araşdırmalar göstərir ki, bu bitkilərdən əldə edilən yağların Azərbaycanda bioyanacaq və mühərrik yağlarının istehsalında istifadəsi real imkanlar yaradır. Pilot layihələr davam etdiriləcək, elmi nəticələr dərc olunacaq, deqradasiyaya uğramış torpaqlarda genişmiqyaslı əkinlərin iqtisadi səmərəliliyi və ölkə üzrə bioyanacaq istehsalı perspektivləri qiymətləndiriləcək.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

