Noyabrın 18-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Koreya Fiskal İnformasiya Xidmətinin (KFIS) prezidenti Seok Ho Yoon və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə iki ölkə arasında maliyyə idarəetməsi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Xüsusi diqqət Azərbaycanın yeni İnteqrasiya olunmuş Maliyyə İdarəetmə İnformasiya Sistemi (IFMIS) və Koreyanın dövlət maliyyə sistemi “dBrain+”, həmçinin hökumət subsidiyalarının idarəetmə sistemi “e-Naradoum” təcrübələrinin öyrənilməsinə yönəldilib. Bu kontekstdə, Maliyyə Nazirliyində IFMIS üzrə keçirilmiş birgə seminarın əhəmiyyəti vurğulanıb.
Sahil Babayev ölkədə aparılan genişmiqyaslı rəqəmsallaşma prosesləri barədə məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı çərçivəsində maliyyə idarəetməsi sahəsində rəqəmsal islahatlar sürətləndirilib və maliyyə idarəetmə arxitekturası müasir tələblərə uyğun şəkildə yenidən qurulub. Nazir, həmçinin Koreya təcrübəsinin bu proseslərdə praktiki əhəmiyyət daşıdığını və innovativ maliyyə idarəetmə modellərinin formalaşmasına ciddi töhfə verəcəyini qeyd edib.
Görüşdə “dBrain+” təcrübəsi əsasında proses və iş axınlarının təkmilləşdirilməsi, xarici vendor asılılığının azaldılması, data əsaslı qərarvermə mexanizmlərinin tətbiqi, həmçinin audit və nəzarət infrastrukturu ilə kibertəhlükəsizlik çərçivəsinin inkişaf etdirilməsi kimi əməkdaşlıq istiqamətləri müzakirə olunub.
KFIS prezidenti Seok Ho Yoon bildirib ki, Koreya öz təcrübəsini və qabaqcıl texnoloji həlləri Azərbaycanın rəqəmsal maliyyə informasiya sisteminin qurulmasında paylaşmağa hazırdır.
Görüşün sonunda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi ilə Koreya Respublikasının Fiskal İnformasiya Xidməti arasında Rəqəmsal Dövlət Maliyyə İnformasiya Sisteminin hazırlanması, tətbiqi və istismarı sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandum çərçivəsində birgə tədqiqat və texniki dəstək, kibertəhlükəsizlik və audit standartlarına uyğunluq sahələrində təcrübə mübadiləsi, həmçinin təlim və praktiki proqramlar vasitəsilə kadr potensialının gücləndirilməsi planlaşdırılır.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

