Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Pakistan İslam Respublikasına rəsmi işgüzar səfərə gedib. Səfərin məqsədi iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi və yeni istiqamətlərin müəyyənləşdirilməsidir.
İslamabadda olduğu müddətdə nazir Pakistanın müdafiə sənayesi üzrə əsas müəssisələrində – “Frontier Works Organization”, “HIT-Taxila” və “Global Industrial & Defense Solutions”da olub. Burada Mustafayevə müəssisələrin istehsal xəttləri, texnoloji yenilikləri və həyata keçirdikləri müdafiə layihələri barədə geniş təqdimatlar göstərilib.
Nazir səfər çərçivəsində Pakistan Silahlı Qüvvələrinin “Atəş və Manevr” adlı hərbi təlimində də iştirak edib. Təlimi Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, İordaniya kralı II Abdullah ibn Əl-Hüseyn və digər yüksək rütbəli hərbi-siyasi şəxslər izləyiblər.
İşgüzar səfər Azərbaycanla Pakistan arasında müdafiə sənayesi əməkdaşlığının daha da gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır və tərəflər arasında yeni birgə layihələrə yol açacağı gözlənilir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

