Son vaxtlar sosial şəbəkələrdə bəzi pub və restoranlarda səhnəyə çıxan şəxslərin qeyri-etik hərəkətləri geniş müzakirə mövzusuna çevrilib. Bu cür davranışlar səhnəyə yaraşmayan və cəmiyyətin mənəvi dəyərlərinə zidd olan hərəkətlər kimi dəyərləndirilir. Təəssüf ki, bəzi obyekt sahibləri yaranan mənfi görüntülərdən narahat olmaq əvəzinə, həmin şəxslərə şərait yaradır, onları sosial şəbəkələr vasitəsilə təbliğ edir və beləliklə, gəlirlərini artırmağa çalışırlar.
Bu proses yalnız biznes maraqları ilə izah edilə bilməz. Burada cəmiyyətin milli-mənəvi dəyərlərinə hörmətsizlik və gənclərin əxlaqsız davranışlara öyrəşməsi kimi ciddi risklər mövcuddur. Gənclər bu cür “ulduzlar”ın nümunəsini görərək, düzgün davranış normalarını qarışdırır və əxlaq dəyərlərindən uzaqlaşır. Sosial şəbəkələr şəxsi ünsiyyət vasitəsindən daha çox, bu cür adamların özünü tanıtmaq və populyarlaşmaq platformasına çevrilib. Təəssüf ki, bəzi dırnaqarası müğənnilər bu imkanlardan mənəvi sərhədləri gözardı edərək istifadə edir, əxlaqi normaları pozan görüntülərini paylaşaraq qısa müddətli “şöhrət” qazanmağa çalışırlar.
Bu proses yalnız milli-mənəvi dəyərlər üçün deyil, cəmiyyət gələcək nəsil üçün də təhlükə yaradır. Restoran və pub sahiblərinin yalnız kommersiya maraqlarını deyil, əxlaqi məsuliyyətlərini də nəzərə alması, gənclərin doğru nümunələrlə qarşılaşmasını təmin etməsi vacibdir. Əks halda, cəmiyyətimizdə əxlaqi boşluq dərinləşə və normal davranış standartları zəifləyə bilər.
Eyni zamanda,bugünlərdə “Bakutv” -nin hazırladığı süjetdə azyaşlı uşaqların reklam xarakterli videolara çəkilməsi, onların yaşlarından böyük işlərə baş qoşması diqqət çəkir. Videoda görünən oğlanın davranışı təəssüf doğurur: o, etdiyi hərəkətə görə utanmaq əvəzinə, azyaşlılardan gəlir əldə etmək məqsədilə istifadə edir və müxbirə istehza ilə yanaşır. Azərbaycan dilini guya başa düşmədiyini deməsi isə milli dilə hörmətsizlik kimi qiymətləndirilir.
Süjetdə göründüyü kimi problem yalnız Azərbaycan dilinə hörmətsizlikl bitmir. Əsas məsələ azyaşlı uşaqlardan kommersiya məqsədilə istifadə edilməsidir. Bu, onların psixoloji və fiziki sağlamlığı üçün ciddi risk yaradır və gələcək mənəvi, sosial inkişafına mənfi təsir göstərə bilər.
Cəmiyyət olaraq belə hallara qarşı həssas olmalı, valideynlər və məsul şəxslər uşaqların hüquqlarını qorumaq üçün ciddi addımlar atmalıdır. Media platformaları, xüsusilə sosial şəbəkələr və televiziya kanalları, azyaşlıları qorumaq və onların inkişafına uyğun fəaliyyət göstərmək üçün ciddi məsuliyyət daşıyır. Belə hallar yalnız gəlir məqsədilə olmamalı, uşaqların təhlükəsizliyi, hüquqları və əxlaqi tərbiyəsi hər zaman ön planda tutulmalıdır.
Savalan Talıblı
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

