Bugünkü dünyada “güclü olmaq” anlayışı çox vaxt silahlarla, iqtisadi rəqəmlərlə, siyasi təsirlərlə ölçülür. Sanki dövlətlərin dəyəri onların neçə raketə, nə qədər neft ehtiyatına və ya hansı ittifaqda təmsil olunmalarına görə müəyyən edilir. Ancaq tarix sübut edir ki, bunlar müvəqqətidir. Əsl güc millətin birliyində, xalqın iradəsində və onu idarə edən liderin uzaqgörənliyində yatır. Azərbaycan bu gerçəklərin canlı sübutudur.
90-cı illərin əvvəllərində Azərbaycan, demək olar ki, dağılmışdı. Dövlət sistemi yox səviyyəsində idi. Ordu nəzarətsiz idi, ölkə daxilində xaos hökm sürürdü, xaricdən isə təzyiqlər artırdı. Bu məqamda xalqın bir çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəni təkcə idarə etmədi, həm də onu yenidən qurdu. Dövlətçiliyin əsaslarını möhkəmləndirdi, sabitliyi bərpa etdi, xalqla dövlət arasında olan uçurumu aradan qaldırdı. Və ən önəmlisi gələcəyə ümid yaratdı.
Bu gün həmin təməl üzərində qurulmuş Azərbaycan regionda və daha geniş coğrafiyada öz sözünü deyən, maraqlarını qoruyan, heç kimə boyun əyməyən bir dövlətə çevrilib. Rusiya kimi hərbi və siyasi baxımdan nəhəng bir dövlətin təzyiqləri qarşısında Azərbaycanın sərgilədiyi prinsipial mövqe bir daha göstərdi ki, biz artıq zəif və asılı ölkə deyilik.
Biz gücümüzü nümayiş etdirmək üçün göstərmirik. Biz onu sadəcə yaşayırıq. Azərbaycanın gücü onun neftində, qazında, ixrac göstəricilərində yox, müstəqil siyasətində, xalqının qürurunda və Heydər Əliyevin miras qoyduğu dövlətçilik sistemindədir.
O sistem bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə qorunur və inkişaf etdirilir. Əgər bu gün Azərbaycanın ordusu düşmənə təkbaşına qalib gəlirsə, beynəlxalq platformalarda sözünü açıq deyirsə və heç bir güc mərkəzinə tabe olmursa, bu, məhz o uzaqgörən siyasi məktəbin nəticəsidir.
Bəziləri güclərini raketlərlə ölçür. Biz isə susaraq. Çünki artıq bizi hər kəs eşidir. Çünki arxamızda xalq var. Çünki arxamızda tarix var. Və ən əsası, arxamızda Heydər Əliyev məktəbi var.
Tural Qoca
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin