Dünən Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşma təkcə kağız üzərində bir sənəd deyil, bu, illərin gərginliyinin, qapalı qalan yolların, yarımçıq qalan arzuların son nöqtəsidir. Və bu tarixi anın mərkəzində hər zamankı kimi Azərbaycan dövlətinin gücü, liderinin iradəsi, İlham Əliyevin dəmir məntiqi dayanır.
Bu görüş sadəcə diplomatiya masasındakı razılaşma ilə bitmədi. Bu, əslində, Azərbaycanın siyasi ağırlığının, beynəlxalq arenada nüfuzunun bir daha təsdiqi oldu. İllərdir döyüş meydanında qazandığımız zəfəri indi masa arxasında da möhkəmləndirdik. Qarşı tərəf — dünənə qədər sərt mövqedə duran Ermənistan artıq Azərbaycanın şərtlərini qəbul edərək sülh masasında əyləşdi. Bu, təsadüf deyil, bu, güclü siyasətin nəticəsidir.
Prezident İlham Əliyev təkcə düşməni deyil, dünyanın supergücünü də masaya gətirərək Azərbaycanın maraqlarını təmin etdi. ABŞ kimi böyük bir dövlətin vasitəçiliyi ilə əldə olunmuş bu razılaşma təkcə bölgə üçün yox, qlobal siyasət üçün də yeni bir mərhələnin başlanğıcıdır. Zəngəzur üzərindən açılacaq yeni tranzit xətti Naxçıvanı birbaşa Azərbaycana birləşdirəcək, ticarət yollarımızı genişləndirəcək, iqtisadi gücümüzü qat-qat artıracaq. Bu həm də yüzillik həsrətin gerçəkləşməsi deməkdir.
İlham Əliyev bu prosesdə təkcə Prezident kimi yox, millətin iradəsini təmsil edən, haqqı sonadək müdafiə edən lider kimi çıxış etdi. Ən sərt anlarda soyuqqanlı, ən qarmaqarışıq vəziyyətlərdə prinsipial oldu. Bu gün bütün dünya gördü ki, Azərbaycanın lideri təkcə ölkə daxilində yox, beynəlxalq miqyasda da sözü keçən bir siyasətçidir.
Biz artıq tarix yazmışıq. Vətən müharibəsindəki qələbəmizdən sonra bu razılaşma ikinci böyük siyasi zəfərimizdir. Azərbaycanın taleyini, sərhədlərini, iqtisadi gələcəyini qorumaq üçün lazım olan bütün addımlar atıldı.
Bu gün qürurla deyə bilərik: Azərbaycanın gücü həm meydanda, həm də masadadır. Liderimiz İlham Əliyev isə bu gücün simvoludur.
Tural Qoca
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin