Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə səfərdə olan “John Deere” şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidenti, “John Deere Walldorf International” MMC-nin Baş icraçı direktoru Ksaba Leyko ilə görüş keçirib.
Görüş zamanı nazir Azərbaycanda qeyri-neft sektorunun aparıcı istiqamətlərindən biri olan kənd təsərrüfatında son illər həyata keçirilən islahatlar, rəqəmsallaşma prosesləri, süni intellekt tətbiqləri və fermerlərə göstərilən dövlət dəstəyi barədə məlumat verib. O, həmçinin aqrar sahədə formalaşan əlverişli investisiya mühiti və qarşıya qoyulan strateji hədəfləri diqqətə çatdırıb.
Ksaba Leyko səmimi qarşılanmaya görə təşəkkür edərək “John Deere”in Azərbaycanda uzunmüddətli fəaliyyətinə toxunub. O, Prezident İlham Əliyevlə görüşdə əməkdaşlıq perspektivlərinin geniş müzakirə olunduğunu xatırladıb və pambıqçılıq, taxılçılıq, suvarma sistemləri, logistika, kadr hazırlığı və texnika parkının yenilənməsi kimi sahələrdə yeni layihələrə hazır olduqlarını bildirib.
Görüşün sonunda Kənd Təsərrüfatı Nazirliyi ilə “John Deere” arasında qeyd edilən istiqamətlər üzrə əməkdaşlığa dair ilkin razılaşma əldə edilib. Tərəflər gələcək potensial layihələr və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında da fikir mübadiləsini davam etdiriblər.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

