Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun ABŞ-a səfəri çərçivəsində Yuta Senatının prezidenti Adam Stüart ilə görüşü keçirilib.
Tərəflər Azərbaycan və ABŞ arasında qarşılıqlı münasibətlərin son illərdə yeni dinamika qazandığını vurğulayıb. Qeyd olunub ki, bu il avqustun 8-də Vaşinqtonda imzalanmış Azərbaycan-ABŞ-Ermənistan Birgə Bəyannaməsi regionda sülh və sabitliyə, həmçinin dinlərarası dialoqun inkişafına mühüm təkan verib.
Ramin Məmmədov bildirib ki, Azərbaycanda tolerantlıq və dini müxtəliflik dövlət siyasətinin əsas istiqamətlərindəndir. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə müxtəlif dini icmaların azad və təhlükəsiz fəaliyyət göstərməsi üçün hərtərəfli şərait yaradıldığını vurğulayıb. Komitə sədri İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Azərbaycanda rəsmi qeydiyyatını bu siyasətin bariz nümunəsi adlandırıb.
Yuta Senatının prezidenti Adam Stüart isə Azərbaycanın multikultural dəyərlərə sadiqliyini yüksək qiymətləndirib. O, Prezident İlham Əliyevin dinlərarası harmoniya və mədəni müxtəlifliyin qorunmasına verdiyi töhfələrin dünya üçün nümunə olduğunu bildirib.
Görüşdə Azərbaycan və ABŞ arasında dinlər və mədəniyyətlərarası əməkdaşlığın yeni istiqamətləri müzakirə edilib. Yuta ştatının senatorları Kirk Kollimor və Mayk Makkel də görüşdə iştirak ediblər.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin