Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən biri region dövlətləri, xüsusilə qonşu ölkələrlə dostluq münasibətinin qurulmasıdır. Azərbaycanla Ermənistan arasında keçmiş Qarabağ münaqişəsi səbəbindən münasibətlərin xarakteri bəlli idi. Ölkəmiz öz ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratmış oldu. Artıq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müəyyən addımlar atılmışdır, Gürcüstanla münasibətlərimiz isə hər zaman yüksək səviyyədə olub. Prezident cənab İlham Əliyevin Gürcüstana bu dəfəki səfəri regionda formalaşmış yeni reallıqlar fonunda xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Prezident cənab İlham Əliyevin yüksək səviyyədə qarşılanması, Gürcüstan Prezidenti və Baş Nazirlə keçirilən görüşlər, aparılan danışıqlar sübut edir ki, iki dövlət arasında dostluq münasibətləri mövcuddur və əlaqələr daha da inkişaf etdiriləcək. Məlumdur ki, regionumuzun şimalında və cənubunda hərbi münaqişələr hökm sürür. Bu baxımdan Prezidentimizin Gürcüstana səfəri Cənubi Qafqazda sülhün və sabitliyin qorunması üçün də xüsusi əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyev Gürcüstanda çıxışında bir daha vurğuladı ki, Azərbaycan hər zaman regionda sülhün, əmin-amanlığın, əməkdaşlığın yaranmasının tərəfdarı olub. Gürcüstan rəhbərliyi də Azərbaycanın bu yanaşmasına dəstək nümayiş etdirir. Ümumiyyətlə, iki dövlət həm siyasi, həm də iqtisadi sahələrdə eyni mövqedən çıxış edirlər. Azərbaycan və Gürcüstan bütün beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən bəyanatlarla çıxış edirlər. Bu gün Azərbaycanla Gürcüstan arasında olan mövcud dostluq əlaqələri digər qonşu ölkələr üçün də nümunə sayıla biləcək səviyyədədir.
Uzun illərdir Gürcüstanla Azərbaycan arasında sıx iqtisadi əlaqələr mövcuddur və bu əlaqələr hər il iki dövlət liderləri sayəsində daha da dərinləşir. Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Avropaya nəql olunur. Cənub Qaz Dəhlizi vasitəsilə də 12 dövlətə qaz ixrac olunur ki, bu da Gürcüstan ərazisindən keçməklə həyata keçirilir. Bütün bunlar Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir və olduqca strateji əhəmiyyətə malikdir. Orta Dəhliz Azərbaycan və Gürcüstan ərazisindən keçdiyindən hər iki dövlətin Avrasiya məkanındakı rolunu xüsusi qeyd etmək lazımdır. Prezident cənab İlham Əliyevin təşəbbüsü və qətiyyətli siyasi iradəsi sayəsində reallaşan Bakı-Tbilisi -Qars dəmir yolu xətti Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat marşrutudur. Ələt Beynəlxalq Dəniz Limanının istifadəyə verilməsi xüsusi önəm daşıyır. Çin və Mərkəzi Asiya dövlətlərindən yüklər Ələt limanına, buradan isə Gürcüstanın Batumi və Poti limanları vasitəsilə Avropaya çatdırılır. Xüsusi vurğulamaq lazımdır ki, bu marşrut xətti iqtisadi və vaxt baxımından olduqca səmərəlidir.
Yaşıl enerji sahəsində də Azərbaycanla Gürcüstan arasında birgə layihələr həyata keçirilməkdədir. Azərbaycanda istehsal olunacaq yaşıl enerji də Gürcüstan ərazisindən Qara dənizin dibi ilə kabel vasitəsilə Avropa dövlətlərinə ixrac olunacaq. Prezident cənab İlham Əliyevin Gürcüstana səfəri iki dövlət arasında strateji tərəfdaşlıq əlaqələrini daha da genişləndirəcək və dostluq əlaqələrini daha da möhkəmləndirəcək.

Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir