Yaponiyada keçirilən “XXV Yay Deflimpiya Oyunları” Azərbaycan idmanı üçün əlamətdar hadisə ilə yadda qalıb. Ölkəmiz tarixdə ilk dəfə deflimpiya medalını qazanıb. Bu tarixi nailiyyətin müəllifi 60 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Coşqun Əliyev olub.
Yarışların ilk günündə yüksək performans sərgiləyən Coşqun Əliyev 1/8 finalda Cənubi Koreyalı Çoi Junho üzərində, 1/4 finalda xorvatiyalı Tonzetiç Yosipi üzərində, yarımfinalda isə niderlandlı Vesteroff Albert Gerhardua Hendrik üzərində inamlı qələbələr qazanaraq finala yüksəlib.
Final görüşündə braziliyalı Dantas Pedroya uduzan idmançımız yarışları gümüş medalla başa vurub. Bununla da o, Azərbaycan idman tarixində Deflimpiya Oyunlarında medal qazanan ilk idmançı kimi önəmli bir uğura imza atıb.
Mükafat Coşqun Əliyevə Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin vitse-prezidenti Yutaka Osugi tərəfindən təqdim olunub.
26 noyabradək davam edəcək “XXV Yay Deflimpiya Oyunları”nda 3 mindən çox idmançı iştirak edir. Azərbaycan bu yarışlarda ilk dəfə 6 idman növü üzrə 20 idmançı ilə təmsil olunur.
Deflimpiya Oyunları eşitmə məhdudiyyətli idmançıların beynəlxalq arenada özünü göstərməsi üçün dünyanın ən qədim idman platformalarından biri hesab olunur.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

