Elm və təhsil naziri Emin Əmrullayev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən QS Avrasiya Forumunda Azərbaycan ali təhsilinin qlobal arenadakı inkişaf prioritetlərini təqdim edib. “Quacquarelli Symonds” (QS) reytinq agentliyinin təşkilatçılığı və Mərkəzi Asiya Universitetinin ev sahibliyi ilə baş tutan tədbir regionun aparıcı elm və təhsil müzakirə platformalarından biri hesab olunur.
Nazir çıxışında Azərbaycanın ali təhsil sistemində beynəlmiləlləşmə proseslərinin sürətləndirildiyini, universitetlərin qlobal akademik məkanla daha sıx inteqrasiyasını təmin edən islahatların həyata keçirildiyini bildirib. Emin Əmrullayev elmi-tədqiqat imkanlarının genişləndirilməsi, beynəlxalq layihələrə qoşulma, xarici universitetlərlə birgə proqramların artırılması və rəqabətqabiliyyətli kadr hazırlığının prioritet istiqamətlər kimi müəyyənləşdirildiyini vurğulayıb.
Forum çərçivəsində nazirlər, nazir müavinləri və aparıcı universitet rəhbərlərinin iştirakı ilə təşkil olunan “Dəyirmi masa”da ali təhsilin dayanıqlılığı, institusional göstəricilərin yaxşılaşdırılması və məzunların məşğulluq imkanlarının gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Diskussiyada əmək bazarının dəyişən tələblərinə uyğun yeni tədris modelləri və tələbəyönümlü ali təhsil mühiti əsas müzakirə mövzularından olub.
Azərbaycanın ali təhsil sisteminin transformasiyasına dair təqdim edilən yanaşmalar forum iştirakçıları tərəfindən diqqətlə qarşılanıb və ölkənin regional akademik əməkdaşlıqda artan rolunun göstəricisi kimi qiymətləndirilib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

