ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri və bu səfər çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkə arasında münasibətlərin mahiyyət etibarilə yeni mərhələyə daxil olduğunu göstərir. Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlər həm siyasi iradənin, həm də artıq formalaşmış praktik əməkdaşlıq modelinin göstəricisidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycana göstərilən müsbət münasibətə görə Tramp–Vens administrasiyasına minnətdarlıq ifadəsi təsadüfi deyil. Altı ay əvvəl Vaşinqtonda Prezident Donald Trampla keçirilən görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün İşçi Qrupunun yaradılması barədə sənədin imzalanması ikitərəfli münasibətlərdə dönüş nöqtəsi oldu. Qısa müddət ərzində aparılan gərgin və sistemli iş nəticəsində artıq hüquqi-siyasi çərçivəsi müəyyənləşdirilmiş, konkret istiqamətləri və icra mexanizmləri təsbit olunmuş Strateji Tərəfdaşlıq Xartiyası imzalandı. Xartiyada bir-birinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyin bir daha təsdiqlənməsi Azərbaycanın milli maraqları baxımından xüsusi əhəmiyyət daşıyır. Sənəd yalnız siyasi bəyanat deyil, eyni zamanda iqtisadiyyat, enerji, təhlükəsizlik, rəqəmsal inkişaf və regional bağlantılar üzrə konkret fəaliyyət istiqamətlərini müəyyənləşdirən çərçivədir.
Qafqazda sülh prosesinə ABŞ-ın dəstəyi Prezident İlham Əliyevin bəyanatında xüsusi vurğulandı. Ağ Evdə Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması və Sülh haqqında Birgə Bəyannamənin imzalanması regionda yeni geosiyasi konfiqurasiya formalaşdırıb. Artıq aylardır davam edən sabitlik mərhələsi əməkdaşlıq üçün real zəmin yaradıb. Azərbaycanın Ermənistan istiqamətində tranzit məhdudiyyətlərini aradan qaldırması və iqtisadi təmasların başlaması sülhün praktik nəticəsidir. Bu kontekstdə TRIPP – Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu layihəsi xüsusi yer tutur. Layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, regionu Asiya–Avropa daşımalarının etibarlı qovşağına çevirməyi hədəfləyir. Orta Dəhliz üzərində qurulan bu təşəbbüs nəqliyyat, enerji və rəqəmsal bağlantı imkanlarını genişləndirərək Cənubi Qafqazı qlobal ticarət sisteminə daha sıx inteqrasiya edə bilər. Enerji sahəsində əməkdaşlıq isə artıq sübut olunmuş uğurlu təcrübəyə əsaslanır. Azərbaycan bu gün 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir və onların böyük hissəsi ABŞ-ın müttəfiqləridir. Xartiyada təchizat marşrutlarının şaxələndirilməsi, interkonnektor layihələri və hətta mülki nüvə əməkdaşlığının dərinləşdirilməsi kimi istiqamətlər qeyd olunur. Bu, enerji tərəfdaşlığının daha strateji və uzunmüddətli xarakter alacağını göstərir.
Yeni mərhələnin mühüm komponentlərindən biri də yüksək texnologiyalar və süni intellekt sahəsində əməkdaşlıqdır. ABŞ şirkətləri ilə birgə AI data mərkəzlərinin yaradılması, innovasiya və R&D mexanizmlərinin qurulması, kibertəhlükəsizlik sahəsində təşəbbüslər Azərbaycanın rəqəmsal iqtisadiyyat strategiyasına uyğun gəlir. Bu əməkdaşlıq ölkənin yalnız enerji ixracatçısı deyil, həm də texnoloji tərəfdaş kimi mövqeyini gücləndirə bilər. Təhlükəsizlik sahəsində dialoqun genişləndirilməsi, müdafiə sənayesi məhsullarının satışı, antiterror əməkdaşlığı və humanitar minatəmizləmə istiqamətində dəstək Xartiyanın praktik ölçüsünü artırır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə mina probleminin həlli üçün texnologiya və maliyyə dəstəyi Azərbaycanın bərpa strategiyasında mühüm rol oynaya bilər.
Bütün bunlar göstərir ki, Vitse-prezident Vensin səfəri sıravi diplomatik hadisə deyil. Bu səfər və imzalanmış Xartiya Azərbaycan–ABŞ münasibətlərini sistemli, çoxşaxəli və uzunmüddətli strateji əməkdaşlıq platformasına çevirir. Enerji, nəqliyyat, təhlükəsizlik və yüksək texnologiyalar kimi sahələrdə paralel inkişaf modeli iki ölkənin maraqlarını üst-üstə gətirir. Nəticə etibarilə, formalaşan yeni strateji çərçivə təkcə ikitərəfli münasibətlərin deyil, bütövlükdə Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasının müəyyənləşməsində mühüm rol oynayacaq. Azərbaycan bu prosesdə təşəbbüskar və məsuliyyətli tərəfdaş kimi çıxış edir.
Samirə Hüseynova

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir