Tanınmış yazıçı Azər Qismət xalq artisti , professor Arif Babayevlə bağlı maraqlı xatirəsini paylaşıb. Yenifikir.media həmin paylaşımı oldugu kimi təqdim edir :

Tələbə vaxtımda “Mədəniyyət xəbərləri”-nin otağına girib-çıxırdım. Sadəcə, gedib-gəlir, hərdən nəsə tapşırıq verirdilər. Günlərin birində tapşırıq verildi ki, teatr və konsert salonlarında hansı tamaşa və tədbirlərin keçiriləcəyini öyrən. Bəzilərindən telefon nömrələri istədim, ya “bilmirəm” , ya da “özün tapşırığı həll et” dedilər. 

Yola düşdüm. Tələbə, cibdə pul yox. Piyada getdim Dram Teatrına. Öyrəndim ki, hansı tamaşalar olacaq. Ordan getdim Gənc Tamaşaçılar teatrına, heç kimi tapmadım. Ordan getdim Rus Dram teatrına, ordan da yarım-yapalaq məlumat verdilər.

Konsert salonlarında keçiriləcək tədbirlərlə bağlı heç nə öyrənə bilmədim.

Getdim “İnşaatçılar” metrostansiyasının yaxınlığında kirayə qaldığım evə. Metrodan çıxanda tanış adamla rastlaşdım, vəziyyəti dedim ki, bəs tapşırıq veriblər, bilmirəm neyləyim. Tanış dedi ki, bax metronun arxasında Arif Quliyev yaşayır, istəyirsən ondan da nəsə öyrən. Qabaqdakı binada isə Arif Babayev qalır, get evinə məlumat verəcək ki, harda konsert olacaq, ya da eşitməmiş olmaz.

Arif Quliyevgilə getmədim, getdim Arif Babayevgilə. Qapını döydüm, həyat yoldaşı açdı. Dedim bəs tələbəyəm, belə tapşırıq veriblər, Arif müəllim kömək edə bilər də. Arxadan səs eşidildi ki, “kimdi gələn?” Yoldaşı dedi ki, tələbədir, bəs vəziyyət belə.

-Oğul, gəl içəri.

Gördüm ki, Arif dayı yarpaq dolması yeyir.

-Oğul, keç otur. Tələbəyə dolma çək.

-Yox, istəmirəm, elə məlumat öyrənib gedirəm.

-Dedim, keç otur.

Keçib oturdum, yoldaşı dolma çəkdi.

Arif müəllim arada suallar verirdi, hardansan, hansı məktəbdə oxuyursan və s.

Dolma yeyirdim, arada yadıma düşürdü ki, məlumat almağa gəlmişəm.

-Arif müəllim, bəs harda konsert olacaq? Ya sizin işlədiyiniz yerdə nəsə konsert, ya tədbir olacaqmı?

Arif müəllim gülümsədi. Dedi:

-Oğul, Allah bilir belə dolmanı bir də nə vaxt yeyəcəksən, tələbə adamsan. Neynirsən məlumatı-zadı. Toqqanın altını bərkidəndən sonra məlumat özü göydən gəlib ovcuna düşəcək.

Belə baməzə cavab verdi, eynimiz açıldı.

Allah Arif Babayevə rəhmət etsin.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir