Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə səfərdədir. Səfər çərçivəsində heyət İsrailin kənd təsərrüfatı sahəsində aparıcı tədqiqat və araşdırma mərkəzlərini ziyarət edir və “Gələcəyin Dənizi” II Mavi Qida Təhlükəsizliyi Qlobal Sammitində iştirak edir.Səfərin ilk günü İsrailin Kənd Təsərrüfatı və Qida Təhlükəsizliyi Nazirliyində Azərbaycan və İsrail nümayəndə heyətləri arasında görüş keçirilib. İsrail naziri Avi Dixter Azərbaycana ərzaq təhlükəsizliyi sahəsində verdiyi dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında aqrar sahədə əməkdaşlıq perspektivlərinin genişlənəcəyini vurğulayıb. Nazir qeyd edib ki, müzakirələr ticarət dövriyyəsinin artırılmasına, heyvandarlıq və toxumçuluq sahələrində texnologiya transferinə, aqrar tədqiqat və təcrübə proqramlarının inkişafına, həmçinin suvarma sahəsində İsrail təcrübəsinin Azərbaycanda tətbiqinə töhfə verəcək.
Azərbaycanlı nazir Məcnun Məmmədov isə iki ölkə arasında aqrar sahədə əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını bildirib. O, Bakıda iki il əvvəl imzalanmış Niyyət Bəyannaməsi və Yol Xəritəsinin əməkdaşlığın yeni mərhələyə yüksəlməsində mühüm rol oynadığını qeyd edib. Görüş zamanı Yol Xəritəsinin təkmilləşdirilməsi barədə ilkin razılıq əldə olunub.
Görüşdən sonra nümayəndə heyəti Volcani Institute Aqrar Tədqiqatlar Mərkəzini ziyarət edib. Nazirə institutun fəaliyyəti, elmi araşdırmaların istiqamətləri və beynəlxalq səviyyədə aspirantura proqramları barədə məlumat verilib. Mərkəz bitkiçilik, heyvandarlıq, torpaq və ətraf mühit elmləri, bitki mühafizəsi və qida elmləri sahələrində aparılan tədqiqatları dəstəkləyir. Tərəflər həmçinin Azərbaycan və İsrailin elmi tədqiqat institutları arasında əməkdaşlıq imkanlarını geniş müzakirə ediblər.
Bu səfər iki ölkə arasında aqrar sahədə əməkdaşlığın yeni mərhələyə keçməsi və elmi-praktiki əlaqələrin inkişafı üçün mühüm addım hesab olunur.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir