Dekabrın 15-də Maliyyə Nazirliyində suveren yaşıl istiqrazların emissiyası çərçivəsinin hazırlanması məqsədilə yaradılmış İşçi Qrupun ilk iclası baş tutub. İclasda nazirliyin rəhbər və məsul şəxsləri iştirak edib.İşçi Qrupun rəhbəri, maliyyə nazirinin birinci müavini Anar Kərimov ölkədə ekoloji davamlılığın gücləndirilməsi, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və yaşıl maliyyələşdirmə alətlərinin tətbiqi üzrə görülən tədbirlərdən danışıb. O bildirib ki, ölkədə yaşıl maliyyə infrastrukturunun formalaşdırılması gələcək suveren yaşıl istiqrazların emissiyasına zəmin yaradacaq.
İclasda beynəlxalq təcrübələr müzakirə olunub, Asiya İnkişaf Bankının ekspertlərinin iştirakı ilə emissiya üzrə işlərin mərhələləri və əsas fəaliyyət istiqamətləri müəyyən edilib. İşçi Qrupuna həm çərçivə sənədinin layihəsini hazırlamaq, həm də yaşıl istiqrazlar vasitəsilə maliyyələşdiriləcək ekoloji layihələrin seçilməsi meyarlarını müəyyənləşdirmək tapşırılıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

