Prezident cənab İlham Əliyevin uzaqgörən, müdrik, eləcə də qətiyyətli siyasəti nəticəsində Azərbaycan tək regionda deyil, qlobal miqyasda güclü bir dövlətə, siyasi və iqtisadi sahələrdə öndə gedən lider bir ölkəyə çevrilmişdir. Xüsusilə, Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra Azərbaycanla strateji tərəfdaş ölkələrin sayı artmaqdadır. Bu dövlətlər Azərbaycanın etibarlı tərəfdaş bir ölkə olmasını xüsusi vurğulayırlar. Azərbaycan bütün hallarda hər zaman ədalətin, eyni zamanda dövlətlərlə müstəqil, bərabərtərəfli formatda əlaqələrin qurulmasının tərəfdarı olduğunu sübut etmişdir. Bu baxımdan Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr dostluq, qardaşlıq təməli üzərində qurulmuşdur. Ötən il Azərbaycanla BƏƏ arasında imzalanmış strateji tərəfdaşlıq sənədi bu əlaqələri daha da genişləndirmişdi. 2025-ci il sentyabrın 16-da BƏƏ-nin Prezidentinin Şuşaya səfəri bu ölkənin suverenliyimizə göstərdiyu dəstəyin bariz nümunəsidir.
Prezident cənab İlham Əliyevin BƏƏ-nə budəfəki işgüzar səfəri və bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü iki dövlət arasında mövcud strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoymasının göstəricisidir. Ölkə başçımızın da qeyd etdiyi kimi Azərbaycan və BƏƏ hər zaman bütün beynəlxalq platformalarda bir-birini dəstəkləyir. Bu səfərin ən diqqətçəkən və qürurverici məqamlarından biri də Şeyx Zayed Fondunun təsis etdiyi və beynəlxalq miqyasda humanist dəyərlərin təşviqinə xidmət edən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın 2026-cı il üzrə Azərbaycan Prezidenti cənab İlham Əliyevə təqdim olunmasıdır. Bu, ölkə başçımıza regionda sülhün, əmin-amanlığın bərqərar olması istiqamətində gördüyü misilsiz xidmətlərinə verilən böyük qiymətdir. Prezident cənab İlham Əliyevin BƏƏ-nə səfəri zamanı hər iki ölkənin hərbiçilərinin “Sülh Qalxanı 2026” adı altında birgə hərbi təlimlərin keçirilməsi hərbi sahədə də əməkdaşlığımızın yeni istiqamətindən xəbər verir. Türkiyədən sonra Azərbaycan ikinci dövlətdir ki, birgə hərbi təlim keçirtmiş oldu.
Azərbaycanla BƏƏ arasında iqtisadi əlaqələr də hər il artmaqdadır. Qarşılıqlı sərmayə yatırımları artan templə yüksəlməkdədir. İki dövlət arasında ticarət dövriyyəsi 2 milyard ABŞ dolları səviyyəsinə çatmışdır. İl ərzində ticarət dövriyyəsinin bu qədər yüksəlməsi gələcəkdə perspektivlərin müsbət istiqamətdə inkişaf etməsinə əminlik yaradır. Azərbaycanla BƏƏ arasında enerji təhlükəsizliyi, nəqliyyat-loqistika marşrutları, həmçinin humanitar sahələrin inkişafı nı xüsusi vurğulamaq lazımdır. Prezident cənab İlham Əliyevin BƏƏ-nə səfəri bu ölkə ilə yanaşı Yaxın Şərq regionunda Azərbaycanın iqtisadi-siyasi əlaqələrinin inkişafına və möhkəmlənməsinə böyük təkan verəcək.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

