Səni xatırladım yenə bu axşam, –
Əynində göy pencək, ağ yaxalığın.
Yanına gəlməyə nə çarə qılım?!
Üzü qara olsun bu bahalığın!
Giley dilimdədi – indi bilmişəm –
Ürəyim heç sənlə kin saxlamazmış.
Sevgilər adamı ağlada bilər,
Sevgilər adama gün ağlamazmış.
Ürəyim boşalsın – nəyə lazımdı
Sözdən borc yığıla, ya cirə qala.
Şəhərin meri də ləj düşüb mənnən,
Qoymadı bir yerdə xatirəm qala.
Daha o deyiləm – yoluna çıxam,
Daha o deyiləm – yolda dayanam.
Məni düşünəndə kefini pozma,
Mən ki, ayrılığa öyrənmiş canam.
Bir gün görüşsəydik soruşacaqdım –
Sinəmin çəkdiyi bu ahı – nədir?!
Səni yad edəndə elə vururam,
Bilmirəm dizimin günahı nədir?!
Bu sevgi bir az da yaz günü kimi –
Bir yandan gün çıxdı, bir yandan yağdı.
Sevgi necə oldu deyə bilmərəm,
Onu bilirəm ki, ayrılıq sağdı!
08.01.2026
İlham Qəhrəman
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

