Avropa Parlamenti 2025-ci il 18 dekabr tarixində bir daha riyakarlıq nümayiş etdirərək ölkəmizə qarşı reallığı əks etdirməyən, qərəzli qətnamə qəbul etdi. İnsan hüquq və azadlıqlarından, demokratiyadan danışan bu qurumun məqsədi müstəqil siyasət həyata keçirən, milli maraqlarına uyğun siyasət yürüdən ölkələrə qarşı təzyiq etməkdir. Bu baxımdan AP-nin Azərbaycana qarşı mövqeyi təşkilatın ikili standartlardan hələ də əl çəkə bilməməsinin sübutudur. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, qlobal siyasətə təsir edə biləcək bir gücə çevrilməsi Avropa parlamentini bərk narahat edir.
Torpaqlarımızın 30 il işğalı zamanı şəhər və kəndlərimiz viran qoyulanda, 1 milyon soydaşımız qaçqın və məcburi köçkün düşəndə Avropa Parlamenti bu cinayəti pisləyən bir qətnamə belə qəbul etmədi, əksinə bu işğala qanuni don geyindirməyə çalışdı. 2020-ci ildə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan ordusu torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi, 2023-cü ildə uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Separatizmin kökü tamamilə kəsildi. Azərbaycan Beynəlxalq hüququn norma və prinsiplərini bərpa etməklə Avropanın da üz qaralığını da təmizləmiş oldu. Avropa Parlamentindəki bir sıra parlamentarilər Azərbaycana, onları bu rüsvayçılıqdan xilas etdiyinə görə sağol demək əvəzinə bizə qarşı qərəzli, saxta kampaniyanı davam etdirirlər. Avropa parlamenti
Azərbaycana qarşı hərbi cinayətlər törətmiş separatçıları, cinayətkarları müdafiə edirlər, Azərbaycanı insan hüquqlarını pozmaqda ittiham edirlər. Dövlətimizə və xalqımıza qarşı cinayət törədən şəxslərin törətdikləri bu gün Azərbaycanın məhkəmələrində sübut olunmaqdadır. Artıq onların özləri də hərbi cinayət törətdiklərini etiraf etməkdədirlər. Belə olan halda Avropa parlamenti kimə nəyi sübut etməyə çalışır. Onlar özlərini rüsvay edirlər. Azərbaycanı ittiham edən deputatların öz ölkələrində hər gün insanlar alçaldırılır, həbsə atılrlar. Ölkəmizdə isə bütün insanların hüquqları ən yüksək səviyyədə qorunur. Cinayət törədənlər, Azərbaycanın qanunlarını pozanlar qanun qarşısında öz cəzalarını almalıdır. Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə birbaşa Azərbaycan dövlətinin daxili işlərinə qarışmaqdır. Heç bir təşkilatın və dövlətin Azərbaycanın daxili işlərinə qarışmaq hüququ yoxdur və buna da cəsarət etməyə çalışmasınlar. Azərbaycanı tutduğu haqq və ədalət yolundan heç kim çəkindirə bilməz və AP-nin qəbul etdiyi bu rüsvayçı, qərəzli qətnamənin dövlətimiz üçün heç bir əhəmiyyəti yoxdur.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

