Son zamanlar diplomu olmayan, sertifikatsız və lisenziyasız həkimlər, kosmetoloqlar və stomatoloqlarla bağlı şikayətlərin artması cəmiyyətdə ciddi narazılığa səbəb olur. Tibbi təhsili və rəsmi icazələri olmayan şəxslərin yalnız qazanc məqsədi ilə fəaliyyət göstərməsi isə xəstələrin sağlamlığını birbaşa təhlükə altına qoyur.
“Bakutv”nin “Aristokrat” tibb mərkəzində apardığı çəkiliş də problemin nə qədər geniş yayıldığını göstərir.
Adıçəkilən tibb mərkəzi ilə bağlı redaksiyamıza vaxtilə müxtəlif şikayətlər daxil olub. Şəhid bacısı redaksiyamıza müraciət edərək bildirmişdi ki, Seymur adlı “həkim” ona xidmət göstərərkən ciddi səhvlərə yol verib və nəticədə onun sağlamlığında ağır fəsadlar yaranıb.
Şikayətçinin sözlərinə görə, Seymur əvvəllər klinikada sürücü kimi çalışıb, lakin sonradan heç bir tibbi təhsili, sertifikatı və lisenziyası olmadan pasiyentlərə stomatoloji müdaxilə etməyə başlayıb. Ən maraqlısı isə Seymur “həkim”in sükanı buraxıb, ekstraktor, pin-kəsən kimi stomatoloji alətlərə sarılmaqla daha çox qazanc əldə etməyə üstünlük verməsidir.
Şikayətlər bununla məhdudlaşmır. İnternetdə dəfələrlə “Aristokrat” tibb mərkəzi, eləcə də burada çalışan “Dentist Anar”, İxtiyar Məmmədov və Araz Məmmədzadə barədə geniş şəkildə narazılıqlar dərc olunub. Şikayətlərdə onların fəaliyyətinin peşəkarlığı, tibbi səriştəsi və rəsmi icazələrinin olub-olmaması ilə bağlı suallar gündəmə gətirilir.
Təəssüf ki, diplomu olmayan, sertifikatsız və lisenziyasız şəxslərin tibbi xidmət göstərməsi xəstələr üçün ciddi təhlükə yaradır. Belə halların qarşısını almaq üçün nəzarət mexanizmləri gücləndirilməli, klinikaların fəaliyyəti daha ciddi şəkildə yoxlanılmalı və tibbi savadı olmayan şəxslərin pasiyentlərlə təmasda olması qəti şəkildə yolverilməz sayılmalıdır.
P.S
Onu da qeyd edək ki, Aristokrat tibb mərkəzinin qeydiyyat şöbəsində qapıdan içəri daxil olan hər bir xəstə avtomatik olaraq on manat pul ödəyir. Bu barədə dəfələrlə ora gələn xəstələr etiraz etsələr də tibb mərkəzi şikayətlərin heç birinə reaksiya verməyib.
Fikrət
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

