Ədliyyə Nazirliyi beynəlxalq axtarışda olan və ağır cinayətlərdə ittiham edilən şəxslərin ölkəmizə gətirilməsi istiqamətində əməkdaşlığı davam etdirir. Dekabrın 10-da İnterpolun Azərbaycan Milli Mərkəzi Bürosu tərəfindən axtarışa verilmiş daha bir şəxsin Azərbaycana ekstradisiyası həyata keçirilib.
Tamah məqsədilə və ya sifarişlə qəsdən adam öldürmə (CM-in 120.2.5-ci maddəsi) cinayətində ittiham olunan Ukrayna vətəndaşı Samik Babayevin yeri Almaniyada müəyyən edilib və o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun sənədlərin təqdim olunmasından sonra Almaniya tərəfindən ekstradisiyaya razılıq verilib.
Samik Babayev Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsi və Penitensiar xidmətin əməkdaşları tərəfindən Azərbaycana gətirilib və Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən beynəlxalq axtarışda olan şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirlər davam etdirilir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

