1956-cı ildə məşhur Hindistan aktyoru Rac Kapur Bakıya gələndə dostu Rəşid Behbudovun evində qalmaq istəyir. Buna görə Azərbaycan rəhbərliyi qonaqda yüksək təəssürat yaratmaq üçün Tarix muzeyini qısa vaxtda ev halına salaraq “Rəşid Behbudovun evi” kimi təqdim edirlər.

Rac Kapur ev halına salınmış Azərbaycanın ən baxımlı binasına girəndə təəccüblənərək Rəşid Behbudova deyir:
– Dostum mən elə bilirdim ki, sənin kimi dünya şöhrətli insan sarayda qalır, amma bizdə ən adi artistin belə evi var.

Bu misalı niyə çəkdim? Son 2-3 gündə sənətinin qüdrətinin kölgəsinə həsrətlə baxan bəzi ağzıgöyçəklər yenə də dünya şöhrətli xanəndəmiz, muğamın şahı Alim Qasımov haqqında boşboğazlıq etməyə başlayıblar.

O Alim Qasımovun ki,  muğam kimi əsrlərin dərinliklərindən süzülüb gələn müqəddəs mirasımızı dünyaya tanıdıb, onun ecazını müxtəlif xalqlara sevdirib. Onun səsi təkcə muğam deyil, həm də xalqımızın tarixi, dərdi, sevinci, fəlsəfəsi və taleyidir.

1999-cu ildə “UNESCO-nun Beynəlxalq Musiqi Mükafatı”na layiq görülən Alim Qasımov, bu mükafatı qazanan azsaylı sənətkarlardan biridir və yeganə azərbaycanlıdır. Bu mükafat onun musiqi dünyasında qazandığı dəyəri və təsiri bir daha sübut edir.

Onun “Love’s deep ocean” diski 2000-ci ildə “Avropa Dünya Musiqi xəritəsi”ndə 9-cu yeri tutub və 47 Avropa ölkəsinin radiolarında səslənib. 
2000-ci ildə Avropa Nadir Səslər assambleyasının üzvü seçilib.

2009-cu ildə Alim Qasımov ABŞ-nin Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.

Siyahı uzun olduğu üçün onun digər mükafatlarını sadalamadım, onsuz da xalqımız hər şeyi gözəl bilir.
Çünki Alim Qasımov təkcə bir ifaçı deyil, həm də Azərbaycan musiqisinin elçisi, milli kimliyimizin səsidir. Onun çıxışları dünyanın ən mötəbər səhnələrində alqışlarla qarşılanıb. Parisdə, Londonda, Nyu-Yorkda, Moskva və Tokioda minlərlə dinləyici onun ifasında muğam eşidəndə göz yaşlarını saxlaya bilməyib.

Alim Qasımov bu gün sabah 50 il olacaq ki, sənət meydanındadır. Yəni yarım əsrdir ki, o, Azərbaycanın ən elitar məclislərində, dövlət tədbirlərində və musiqi festivallarında daim arzulanan, tələb olunan xanəndədir. 

Bundan başqa, Alim Qasımov uzun illərdir ki, xaricdə qastrollarda çıxış edir. Dünyanın dörd bir yanında, Avropa konsert salonlarından tutmuş Amerika musiqi festivallarına qədər onun səsi hər yerdə Azərbaycan muğamının səsi kimi tanınıb. Böyük sənətkarın albomları, kasetləri, diskləri artıq 40 ilə yaxındır ki, dünyanın müxtəlif ölkələrində işıq üzü görür. 

Onun ezakar ifası ilə Azərbaycan musiqisi sadəcə lokal sərvət olaraq qalmayıb, bəşəriyyətin mədəniyyət xəzinəsinə daxil olub.

Bütün bu uğurlarına rəğmən, son günlərdə mətbuatda və sosial şəbəkələrdə yayılan bir xəbər cəmiyyətdə haqlı olaraq təəccüb doğurur: guya Alim Qasımov 5 milyon manat dəyərində villasını satışa çıxarıb. Xəbər sürətlə yayıldı, müxtəlif saytlar bunu tirajladı. Lakin sənətkar özü bu məlumatı dərhal təkzib etdi:

“Evin qiyməti o qədər deyil, böyüdüblər. İndi biz həmin evdə yaşayırıq. Qızım da bizimlə qalır. Belə olan halda evi niyə sataq?” – deyə Alim Qasımov açıqlama verdi.

Həmişəki kimi, səmimi bir cavab və dəhşətlisi də odur ki, bu cavabdan da yalan xəbərlər düzəldib yaydılar. 

Bu cavab bir daha sübut etdi ki, yayılan məlumat tamamilə əsassızdır. Əslində bu, sadəcə bir qarayaxma kampaniyasıdır. Məqsəd isə aydındır – böyük sənətkarı gözdən salmaq, onun nüfuzuna kölgə salmaq.

Mənə həqiqətən maraqlıdır ki, bütün bunların arxasında hansı şərəfsiz durur?

Alim Qasımovun adı hallandırılan həmin ev əslində 20 il bundan əvvəl dostlarının köməyi ilə tikilib. Mən böyük sənətkarı yaxından tanıdığım üçün bilirəm ki, həmin ev onun 60 illiyinə hədiyyə kimi ərsəyə gəlib. Bir dostu torpağı alıb hədiyyə edib, başqası daşını alıb, digəri sementini… Ustanı bir dostu təşkil edib. Bu ev dostluq münasibətinin, sənətkara hörmətin bir nümunəsidir.

O, heç vaxt kiminsə haqqına girməyib, heç kimin malını əlindən almayıb. Öz halal zəhməti və sənətə sədaqəti ilə qazandıqlarını dəyərləndirib. Onun bir evinə bu qədər həsəd aparmaq, onu müzakirə mövzusuna çevirmək nəyə xidmət edir? Öz halal zəhməti, alın təri ilə qazandıqları, dostlarının dəstəyi ilə tikilən bir ev niyə kimlərinsə gözünə batır?

Dünya miqyasında olan sənətkarların imkanlarına baxaq: məsələn, İbrahim Tatlısəsin 30–40 villası, apartamenti, hətta şəxsi təyyarəsi var. Amma heç kim bunu qınaq predmeti etmir. Bəs niyə Alim Qasımov kimi sənətkarın sadəcə bir evinə bu qədər qısqanclıqla yanaşılır? Niyə onun adına əsassız söz-söhbətlər qoşulur? Bu, əslində böyük sənətkarın böyüklüyünü kiçiltmək cəhdindən başqa bir şey deyil.

Alim Qasımovun qazandıqları yalnız onun şəxsi uğuru deyil – həm də xalqımızın qürurudur. O, ömrünü muğama, milli musiqiyə həsr edib. Onun hər çıxışı Azərbaycanı dünyada təmsil edib, hər albomu Azərbaycan adını ucaldıb.

Bu gün ona qarşı irəli sürülən böhtanlar, qarayaxmalar nə qədər yayılsa da, xalq öz sənətkarını tanıyır. Hər kəs bilir ki, Alim Qasımov halal zəhməti, sənətinə sədaqəti ilə bu günə gəlib. Onun həyatı və yaradıcılığı təmizlik nümunəsidir.
Bütün qarayaxma cəhdlərinə baxmayaraq, Alim Qasımovun muğamı yüz illər boyu səslənəcək. Çünki o, yalnız bir xanəndə deyil, həm də Azərbaycan ruhunun səsidir. Onun barəsində yayılan əsassız xəbərlər bir gün unudulacaq, amma onun səsi heç vaxt unudulmayacaq.

Sədaqət Əliyeva 

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir