13 oktyabr tarixində Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampla görüşüb.
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu görüş və sammit barədə Yenifikir.media-ya açıqlama verib.
O bildirib ki, məlum Tramp–Əliyev görüşü Azərbaycanın nəinki regionda, hətta dünyada hansı səviyyədə qəbul olunan dövlət olmasının göstəricisidir:
“Fikrimcə, bu, Azərbaycanımızın uğurlu və Prezident İlham Əliyevin apardığı xarici siyasətin necə doğru, məqsədli və hədəfli olduğunun sübutudur. Artıq bu il ərzində Azərbaycan Prezidenti ilə dünyanın super dövləti sayılan ABŞ Prezidentinin bu, sayca ikinci və ya üçüncü görüşüdür. Bu, onu göstərir ki, Prezident İlham Əliyev hamının siyasi dilini kifayət qədər dərindən anlayan və onlarla onların başa düşəcəyi siyasi dildə danışmağı bacaran müdrik bir dövlət xadimidir.”
Partiya sədri həmçinin qeyd edib ki, ABŞ Prezidentinin Azərbaycan lideri haqqında səsləndirdiyi xoş sözlər, əslində, Azərbaycanın dövlətinə və xalqına verilən qiymətin göstəricisidir:
“Bu gün Azərbaycan nəinki regionda, həm də dünya siyasətində böyük rol oynayır. Dünya siyasətinə yön verən bəzi dövlətlər və dairələr hələ də bu səviyyəni tam dərk edə, yaxud qısqanclıq səbəbindən etiraf edə bilmirlər. Azərbaycan yalnız öz bölgəsində deyil, həm də beynəlxalq miqyasda sülhün və ədalətin bərpasına töhfə verir. Bu, Azərbaycanımızın və Prezident İlham Əliyevin timsalında xalqımızın, millətimizin və dövlətimizin uğurudur.”
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

