Çörək yeyəndə də,su içəndə də,
Yuxu içində özgəydin, adam.
Dostlar arasında,ev içində də
Sən haqqı göstərən güzgüydün adam.
Yoxsa,köçüb getdin,durna köçüylə,
Tək ruhun fırlanır,yel atındadı.
Niyə,yerin yoxdu adam içində,
Yoxsa,yerin elə yer altındadı?!
Bilmirəm,sən necə adamsan,adam
Neçə ki,bilmirsən yerini yoxsan.
Adam arasında cüdamsan,adam,
Cüdamlar içində adamsan,yoxsa?!
Günü hayla keçər,vayla eləcə,
Adam öz tayını tapmasa,adam.
Dolaşıq sirrərdi dünya beləcə,
Dünya özü boyda tapmaca,adam.
Gecə qarovları indi nə çoxdu,
Çoxalıb dünyada yarasa-adam.
Qurşaqdan yuxarı görünmür,yoxdu
Hanı bədəninin yarısı,adam?!
Bir daş doğulsaydın,yaşardın asan,
Yoxsa,suyun ayrı,havan ayrıdı?!
Bəlkə də,heç adam doğulmamışsan,
Ağac doğulmusan,soyun ayrıdı?
Bəlkə,bir əl boyda yosunsan,elə
İlişib qalmısan,dərya dibində.
Yoxsa,delfinnərə yaxınsan,adam,
Bəlkə,danışırsan balıq dilində?!
Yoxsa,dəyazında gəmilər üzər,
Kimsə bilə-bilməz,nə var dərində.
Bir lələk tullayıb köçəri quşlar,
Bəxtini apardı,dimdiklərində?
Bilirdin dilini ayrılıqların,
Sənə tənhaların yuxusu tanış.
Bilirdin sirrini ayrılıqların,
Yanıx həsrətlərin qoxusu tanış.
Köhnələ-köhnələ köhnəldin,adam,
Təklənə-təklənə təkləndin,adam.
Çörək yeyəndə də,su içəndə də,
Yuxu içində də özgəydin,adam.
Sən ev içində də,yol üstündə də
Sən haqqa tutulan güzgüydün,adam.
Mart-avqust 2017
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

