Rusiya – Ukrayna müharibəsinin hazırki durumunda ABŞ-nin diqqəti Qafqaza yönəlib. Hazırda Rusiyanın həndəvərində olan dövlətlərdə münaqişə, müharibə ocaqlarının yaranması sərf etmir.
Əksinə ABŞ maraqlıdır ki, Ermənistan və Azərbaycan sülh bağlasın. Eyni zamanda İrana qarşı ABŞ-nin verdiyi vaxt sona yaxınlaşır. Əgər ilin sonuna kimi İran ABŞ-nin tələblərini yerinə yetirməsə yeni müharibə başlaya bilər. Belə olduğu halda da İran və Rusiyanın əhatəsində əlavə problem ocaqları olmamalıdır.
Ermənistanda hakimiyyətə qarşı Rusiyanın körüklədiyi kilsə üsyanının da yatırılmasında, dinin dövlətin işinə qarışmamasında, lazım gələrsə keşişlərin həbsində belə ABŞ-ı maraqlıdır.
Rusiya keşişlər və kilsə vasitəsilə Ermənistanda hakimiyyəti dəyişmək istəyirdi ki, özünün əlaltısı olan şəxsləri hakimiyyətə gətirsin. Əgər elə olsaydı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsindən söhbət gedə bilməzdi. Yaxud Rusiyanın maraqları və diktəsi ilə Ermənistan hərəkət edəcəkdi. Kilsəni uzun illərdir ki, Rusiya kəşfiyyat qurumu kimi istifadə edir və din xadimi cildində təxribatçılar yetişdirib.
Arxiyepiskop Acapaxyan millətlər və dövlətlərarası düşmənçilik toxumu səpir, kin və nifrət aşılayır, Ermənistan hakimiyyətini Türkiyə və Azərbaycana güzəştə getməkdə günahlandırır və zor gücünə çevrilişə səsləyirdi. Şübhəsiz ki, onun təxribatları baş tutsaydı nəinki Ermənistan, bütün bölgə terror altında qala bilərdi.
Böyük ehtimalla o törətdiyi əməllərə görə mühakimə olunaraq cəzalanacaq. Ermənistanda kilsə siyasiləşib və demək olar ki, ikinci, paralel hakimiyyətə çevrilib. İrandakı kimi ikili hakimiyyət hökm sürür sanki. Əgər din pərdəsi altında gizlənib təxribatlar törədən erməni keşişləri məsuliyyətə cəlb edilməsə, bu Baş nazir Paşinyanın bölgə üçün nəzərdə tutulan sülh prosesinə töhfə verməsinə mənfi təsir göstərə bilər. Bunu dərk edən hakimiyyət kilsəni siyasətə qarışmaqdan məhrum etmək və keşişlərin hakimiyyətə problemlər yaratmasının qarşını almaqda israrlı görünür.
Paşinyanın öhdəlikləri icra etməsinə mane olan kilsə mənsubları ya həbs ediləcək ya da başqa yollarla dəf ediləcəklər. Paşinyan bu problemin öhdəsindən gəlməlidir ki, tam sülh müqaviləsi imzalamaq üçün konstitusiyaya dəyişiklik məsələsini maneəsiz həll edə bilsin.
Tural İrfan
Teopolitoloq
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

