Amerika ilə Azərbaycan arasında münasibətlər, eləcə də Prezident İlham Əliyevlə Donald Tramp arasında planlaşdırılan görüş barədə dörd çağırış millət vəkili olmuş ,İqtisad elmləri doktoru, Professor Rüfət Quliyev Yenifikir.media-ya danışıb.
“Azərbaycanın xarici siyasətini böyük siyasət və böyük oyunlar kontekstində dəyərləndirirəm. Bu böyük oyunda xüsusi və düzgün atılan addımlar var.
Cənab Prezidentin, ümumiyyətlə, son on ildə həyata keçirdiyi siyasət hər zaman uğurla nəticələnib. Onun bir ifadəsi var: Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Bu yanaşma dövlətin xarici siyasətinə də aiddir”, – deyə millət vəkili bildirib.
Professor Rüfət Quliyev Azərbaycan diplomatiyasını uzunömürlü və praqmatik strategiya kimi qiymətləndirir:
“Azərbaycan böyük şahmat oyunu oynayır və bu oyunda hər uğurlu addım yeni nailiyyətlər gətirir. Təbii ki, Prezident İlham Əliyevlə ABŞ prezidenti Donald Tramp arasında baş tutacaq görüş və əldə olunacaq razılaşmalar onu göstərir ki, dünyanın ən güclü ölkəsinin lideri Azərbaycanın siyasətinə və onun Prezidentinə dərin rəğbət və hörmət bəsləyir.”
Sabiq millət vəkili həmçinin vurğulayıb ki, zaman-zaman Amerika ilə münasibətlərdə müəyyən gərginliklər yaşansa da, nəticədə Azərbaycan tərəfinin səbirli, praqmatik və düşünülmüş siyasəti qalib çıxır:
“Bəli, elə dövrlər olub ki, Amerika ilə münasibətlər soyuyub, hətta bəzi hallarda gərgin ritorika da müşahidə olunub. Amma sonda səbr və uzaqgörən siyasət öz nəticəsini verdi. Hazırkı vəziyyət onu göstərir ki, hər iki tərəf – həm Azərbaycan, həm də ABŞ anlayır ki, bu münasibətlərin inkişafı vacibdir.”
“Gələcəkdə nə baş verəcəyini zaman göstərəcək. Amma Azərbaycan xalqı bu münasibətlərin daha da inkişaf edəcəyinə inanır və bu inamı da ölkə rəhbərliyinin milli maraqları daim üstün tutması möhkəmləndirir. Qısa və konkret desək, Azərbaycan iqtidarı hər zaman xalqın və dövlətin maraqlarını prioritet hesab edir”, – deyə Rüfət Quliyev fikrini tamamlayıb.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin