Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Vensin Azərbaycana səfəri və Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması tarixi bir hadisə oldu. Dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş Ştatlarının Azərbaycanla siyasi, iqtisadi əlaqələrin qurulmasına böyük maraq göstərməsi Azərbaycan diplomatiyasının böyük uğurudur. Ötən ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında imzalanmış birgə Bəyannaməyə əsasən Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün İşçi Qrupu yaradıldı və 6 ay ərzində sənəd hazırlandı. 4 bölümdən ibarət Strateji Tərəfdaşlıq Xartiyasında iki dövlət arasında bir çox sahələrdə, eləcə də enerji, ticarət və tranzit sahələrində iki dövlət arasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Transxəzər Nəqliyyat Dəhlizini əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturlarının inkişafı, ticarətin asanlaşdırılması, gömrük nəzarəti, sərhəd keçidi və digər sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması barədə tərəflər arasında razılıq əldə olunmuşdur. Eyni zamanda Beynəlxalq Sülh və Rifah Naminə Tramp marşrutunun (TRİPP) əhəmiyyəti qeyd edilir. İqtisadi sərmayələr, o cümlədən süni intellekt, təhlükəsizlik və enerji təhlükəsizliyi sahələrində də əməkdaşlığın yeni konturları hazırlanmışdır və əlaqələrin genişləndirilməsi nəzərdə tutulmuşdur.
Sənəd imzalandıqdan sonra Prezident cənab İlham Əliyev və vitse-prezident Ceyms Vens mətbuata bəyanatla çıxış etdilər və bir sıra mesajlar verdilər. Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanla Ermənistan arasında sülhün yaranması prosesində ABŞ Prezidenti cənab Trampın böyük rolu olduğunu vurğuladı və eyni zamanda qeyd etdi ki, bu gün Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası iki dövlət arasında əlaqələri yüksək səviyyəyə çatdırmış oldu.
Azərbaycanın regionda sülhün yaranmasına təşəbbüs göstərən bir dövlət olduğunu cənab İlham Əliyev xüsusi vurğuladı. İlk dəfə Azərbaycan ərazisindən tranzit yolu ilə Ermənistana yük çatdırılmış, Azərbaycandan Ermənistana neft məhsulları göndərilmişdir. Bu bir daha sübut edir ki, Prezident cənab İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülhün əbədi bərqərar olunması istiqamətində böyük səy göstərir. Şübhəsiz ki, ABŞ da Azərbaycan dövlətinin bu sülhməramlı addımını dəstəkləyir. Prezident cənab İlham Əliyevin atdığı bütün addımlar Azərbaycan dövlətinin və xalqının milli maraqlarına xidmət edir.
ABŞ-ın vitse-prezidenti Ceyms Vens də ABŞ-la Azərbaycan arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə böyük qiymət verdi və Azərbaycanın yaxın Şərqdə dövlətlərarası münasibətlərin normallaşdırılmasında ölkəmizin böyük töhfə verə biləcəyini də xüsusi vurğuladı. Bu gün Azərbaycanın dünyanın siyasi arenasında mühüm bir ölkə kimi qəbul olunması hər bir azərbaycanlıda qürur hissi yaradır.

Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir