Azərbaycan Milli Məclisinin deputatı Günay Ağamalıya qarşı sosial şəbəkələrdə yayılan və aparılan kampaniya cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmır. Bu cür paylaşımlar “siyasi etikanın ən aşağı nöqtəsi” kimi qiymətləndirirlər.
Paylaşılan videodakı gənc xanımın deputatın qızı olub-olmamasından asılı olmayaraq, mütəxəssislər hesab edirlər ki, övladın davranışına görə valideynə hücum etmək nə əxlaqa, nə də siyasi mədəniyyətə sığır. Bu cür addımların siyasi mübarizənin səviyyəsini aşağı saldığı vurğulanır.
Demokratik ölkələrin təcrübəsi göstərir ki, siyasətçinin ailəsi – xüsusilə də uşaqları – kütləvi hücumların hədəfinə çevrilmir. Analitiklər bildirirlər ki, yayılan görüntülər təkcə deputat Ağamalının deyil, bütövlükdə Azərbaycan siyasi mühitinin imicinə zərər vurur.
Siyasi rəqabətin şəxsi həyat üzərindən aparılması qəbuledilməzdir. Mütəxəssislərə görə, sosial şəbəkələrdə bu tip görüntüləri yayan və tirajlayan şəxslər cəmiyyətdə nifrət və mənfi emosiyalar yaradır, lakin heç bir siyasi üstünlük qazanmırlar.
Siyasətçinin fəaliyyəti tənqid oluna bilər, amma ailəsi siyasi mübarizə predmetinə çevrilməməlidir.
Mövzunu şərh edənlər hesab edirlər ki, bu kampaniyanın davam etdirilməsi həm siyasi mədəniyyətə, həm də ictimai dəyərlərə ziddir. Azərbaycan siyasi dairələri və ictimaiyyəti bu cür üsullara qarşı vahid və prinsipial mövqe nümayiş etdirməlidirlər. Çünki bu gün Günay Ağamalıya qarşı istifadə olunan metod sabah başqa bir siyasətçiyə qarşı tətbiq oluna bilər.
Ailə dəyərləri toxunulmazdır, siyasət isə təmiz və mədəni müstəvidə qalmalıdır. Bu prinsipi pozan hər kəs əslində uduzan tərəf olur.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

