Ədliyyə naziri Fərid Əhmədov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Oman Sultanlığının ədliyyə və hüquq işləri naziri Dr. Abdullah bin Mohammed Alsaidi ilə görüş keçirib. Görüş iki ölkə arasında hüquqi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli addım kimi dəyərləndirilib.
Tərəflər ədliyyə sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, hüquqi yardım, ekstradisiya və məhkum edilmiş şəxslərin verilməsi üzrə müqavilə-hüquqi bazanın formalaşdırılması məsələlərini müzakirə ediblər. Qarşılıqlı səfərlərin intensivləşdirilməsinin, təcrübə və informasiya mübadiləsinin genişləndirilməsinin əməkdaşlığı daha da gücləndirəcəyi bildirilib.
Görüşün sonunda Azərbaycan Ədliyyə Nazirliyi ilə Oman Sultanlığının Ədliyyə və Hüquq İşləri Nazirliyi arasında “Ədliyyə və hüquq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənəd ədliyyə idarəçiliyi, normativ-hüquqi fəaliyyət və bir sıra digər istiqamətlər üzrə təcrübə mübadiləsini nəzərdə tutur.
Memorandumun iki ölkə arasında hüquqi tərəfdaşlığın dərinləşməsinə, eləcə də gələcək birgə layihələrə zəmin yaradacağı qeyd edilib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

