Noyabrın 26-da Daxili İşlər Nazirliyinin Polis Akademiyası cinayətkarlıqla mübarizə sahəsində ən aktual çağırışları müzakirə etmək üçün beynəlxalq elmi-praktik konfransa ev sahibliyi edib. Tədbirə Türkiyə, Macarıstan, Polşa, Moldova, Gürcüstan, Bolqarıstan, Serbiya, Özbəkistan, Tacikistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstan nümayəndələri qatılıb. Konfransda həmçinin Milli Məclis və DİN-in aidiyyəti qurumlarının rəhbər və mütəxəssisləri, BDU, Milli Aviasiya Akademiyası və Polis Akademiyasının əməkdaşları, magistr və doktorantlar iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev toplantının cinayətkarlığa qarşı mübarizədə yeni yanaşmaların müzakirəsinə, təcrübə və informasiya mübadiləsinə geniş imkan yaratdığını vurğulayıb. O bildirib ki, bugünkü qlobal reallıq hüquq-mühafizə orqanlarının çevik, innovativ və koordinasiyalı fəaliyyətini tələb edir.
Panel sessiyaları zamanı müasir cinayət formalarının dinamikası, kriminoloji tendensiyalar, rəqəmsal dövrdə əmələ gələn yeni cinayət növləri, istintaq prosesində qarşılanan çətinliklər və məhkəmə təcrübəsi ətrafında geniş təqdimatlar səsləndirilib.
Xüsusilə kibertəhlükəsizlik, rəqəmsal sübutlarla işləmək üçün hüquqi çərçivənin yenilənməsi, məlumat bazalarının genişləndirilməsi və ölkələrarası operativ əməkdaşlığın gücləndirilməsi kimi məsələlər konfransın diqqət mərkəzində olub. Nümayəndələr həmçinin cinayətkarlığın statistik və analitik təhlilinə dair yeni elmi layihələr üzərində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Tədbirin beynəlxalq iştirakçıları Azərbaycan tərəfindən təşkilatçılığı yüksək qiymətləndirib, gələcəkdə də bu formatda əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.
Konfrans səmərəli fikir mübadiləsi ilə yadda qalıb və iştirakçılar arasında yeni əməkdaşlıq kanallarının yaradılması ilə yekunlaşıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

